
Uşaqların torpaqla, palçıqlı oyunlarla, təbiətlə ünsiyyət içində böyüməsi onların həm fiziki, həm də psixoloji baxımdan daha möhkəm olmalarına səbəb olur.

E-saglam.az xəbər verir ki, mütəxəssislər vurğulayırlar ki, “bir az çirklənmək” immun sisteminin güclənməsi üçün faydalıdır. Həddindən artıq steril mühitlərdə böyüyən uşaqlar allergiya, astma və otoimmün xəstəliklərə qarşı daha həssas ola bilərlər.
Təbiətdə vaxt keçirmək uşaqların immun sistemini təbii yollarla “məşq etdirir” və sağlam müdafiə mexanizmlərinin formalaşmasına yardım edir. Bundan başqa, açıq havada oynamaq kortizol səviyyəsini azaldır, sinir sistemini sakitləşdirir və daxili rahatlıq verir.
Palçıqla oynamaq, daş-toplamaq, su ilə təmasda olmaq uşaqların sensor inkişafını, motor bacarıqlarını gücləndirir və emosional tarazlığı dəstəkləyir. Təbiətdə sərbəst şəkildə oynayan uşaq risk alır, yıxılıb qalxır, qərar verir, problem həll edir — bütün bunlar psixoloji dözümlülük və özünəinam formalaşdırır.
Açıq havada keçən günlər həm də ekran vaxtını azaldır. Günəş işığına məruz qalmaq uşaqların yuxu rejiminə müsbət təsir edir. Yaxşı yuxu isə daha güclü immunitet və zehni dayanıqlıq deməkdir. Bir sözlə, uşağın ayağı torpağa dəyəndə, ruhu da kök salır.
Tərcümə: Könül Oruc