İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən E-saglam.az-a verilən məlumata görə, hazırda yeni ştat üzrə 35 tibb müəssisəsində psixoloq ixtisası üzrə ali təhsil almış 45 kliniki psixoloq fəaliyyət göstərir.
Digər tibb müəssisələrinə də kliniki psixoloqların işə qəbulu nəzərdə tutulub. İxtisaslaşdırılmış psixoloji yardım xidməti icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil olmasa da, vətəndaşların psixi sağlamlığının qorunmasının vacibliyini nəzərə alaraq həmin şəxslərə xidmət ödənişsiz şəkildə həyata keçirilir. Tibb müəssisələrində kliniki psixoloji yardım həm uşaqlara, həm də böyüklərə göndərişsiz göstərilir.
Mütəxəssislər depressiya, narahatlıq, qorxu, aşırı həyəcan və stres fonunda gündəlik həyatlarında psixoloji problemlər və sarsıntı yaşayan insanların psixoloji dəstək üçün psixoloqa müraciət etmələrini tövsiyə edirlər.
Nərimanov Tibb Mərkəzinin psixoloqu Mələk Seyidovanın sözlərinə görə, psixoloqlar daha çox biopsixososial yanaşma ilə xəstəlikləri təyin edir və psixoloji problemlərin bioloji və sosial tərəflərinə diqqət edərək müalicə zamanı problemə uyğun fərqli psixoterapevtik texnikalardan istifadə edirlər:
“İnsanın duyğu, düşüncə və ya davranışlarında hər zamankı hal ilə müqayisədə fərqliliklər yarana bilər. İnsan özünü emosional olaraq narahat hiss edə bilər və ya əvvəllər zövq aldığı fəaliyyətlər artıq ona mənasız gələ bilər. Bu kimi şikayətlər uzun müddət davam edirsə psixoloqa müraciət etmək lazımdır. İnsan müəyyən bir hadisə yaşadıqda bu müxtəlif düşüncələrə gətirib çıxarır. Həmin düşüncələr də fərqli neqativ duyğular yarada bilər. Yaranan bu duyğu insanın davranışlarına təsir etdiyi üçün arzuolunmaz nəticələrlə yekunlaşa bilər. Neqativ düşüncələrin alternativ düşüncələrlə əvəz olunması üçün psixoterapiyadan istifadə olunur”.
Qeyd edək ki, ödənişsiz psixoloji xidmətə konsultasiya və testlər, dəyərləndirmənin nəticələrinə uyğun müalicə planının tərtib edilməsi, psixoterapiya müalicəsi (koqnitiv-davranış terapiyası, şəxsiyyətlərarası terapiya və s.) və ya ehtiyac olduqda multidisiplinar yanaşma daxildir (nevroloqlar, terapevtlər, psixiatrlarla və s. birlikdə iş).
Psixoloji yardım psixoloji problemlərin həlli, şəxsiyyətlərarası münasibətlərin və psixi sağlamlığın yaxşılaşdırılması, şəxsiyyətin inkişafı, sosial adaptasiya məqsədi ilə psixoloji prinsiplər və metodlar əsasında həyata keçirilən tədbirlərdir. Psixoloji yardım müddətindən asılı olaraq təcili, birdəfəlik, qısamüddətli (12 sessiyaya qədər) və uzunmüddətli (12 sessiyadan çox) ola bilir. Psixoloji yardım zamanı etik kodeksə uyğun olaraq pasiyentlə bağlı məlumatların konfidensiallığı qorunur.
Qeyd olunmalıdır ki, həmçinin Bakı şəhərində Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən Psixi Sağlamlıq Mərkəzi, TƏBİB-in tabeliyində olan Uşaq Nevroloji Xəstəxanasında uşaq və yeniyetmələrə psixi və psixoloji xidmət göstərilir. Həmin xəstəxanalarda Daun və autizm sindromlu, nitq və psixi inkişafında müxtəlif dərəcəli əqli geriliyi olan, davranış pozuntusu, diqqət əksikliyi və hiperaktivlik pozğunluğu olan uşaq və yeniyetmələr reabilitasiyalara cəlb edilir, eyni zamanda psixopedaqoji iş aparılır. Uşaqlarının problemləri barədə valideynlər də maarifləndirilərək onlar da terapiyaya cəlb edilir, bəzi valideynlərə uşaqla məşğul olmaq üçün ev tapşırıqları verilir. Eyni zamanda xəstəxanalara müraciət edən valideynlərə ümumi maarifləndirici təlimlər də keçirilir.
22.09.2022-ci il tarixinə olan məlumata görə psixoloqların fəaliyyət göstərdiyi tibb müəssisələrinin cədvəli
Tibb müəssisəsi
Ünvan
Abşeron Rayon Mərkəzi Xəstəxanası
Bakı-Quba avtomobil yolunun şimal-şərqi, 8-ci kilometr
Ağdam Rayon Mərkəzi Xəstəxanası
Quzanlı qəsəbəsi, Zərifə Əliyeva küçəsi
Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası
Bakı şəhəri, Abbas Mirzə Şərifzadə küçəsi 762
Ağcabədi Rayon Mərkəzi Xəstəxanası
Ağcabədi şəhəri, Hüsü Hacıyev küçəsi 190
Bərdə Rayon Mərkəzi Xəstəxanası
Bərdə şəhəri, Bakı küçəsi 6
Bərdə Müalicə Diaqnostika Mərkəzi
Bərdə şəhəri, N.Nərimanov küçəsi 12
Binəqədi Tibb Mərkəzi (6№-li BŞX)
Bakı şəhəri, Arif Hüseynov küçəsi 195
Cəbrayıl Rayon Mərkəzi Xəstəxanası
Biləsuvar rayonu, 3 saylı qəsəbə
Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu
Bakı şəhəri, Kazım Kazımzadə küçəsi 118
Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutu
Bakı şəhəri, Xətai prospekti 9
Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu
Bakı şəhəri, Məmmədəli Şərifli küçəsi 161
Gəncə şəhər Birləşmiş Xəstəxanası
Gəncə şəhəri, Nizami Gəncəvi prospekti 412
Xəzər Tibb Mərkəzi (26 №-li BŞX)
Bakı şəhəri, Ramin Qasımov küçəsi 6
İmişli Rayon Mərkəzi Xəstəxanası
İmişli şəhəri, Xanhüseyn Bəylərov küçəsi 92
Kürdəmir Rayon Mərkəzi Xəstəxanası
Kürdəmir şəhəri, Xanımsoltan İslamzadə küçəsi 12
K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu
Bakı şəhəri, Bəsti Bağırova küçəsi 17
Quba Rayon Mərkəzi Xəstəxanası
Quba şəhəri, Fətəli xan küçəsi 42
Lənkəran Rayon Mərkəzi Xəstəxanası
Lənkəran şəhəri, Nizami Gəncəvi küçəsi 67
Milli Hematologiya və Transfuziologiya Mərkəzi
Bakı şəhəri, Mirəli Qaşqay küçəsi 145
M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi
Bakı şəhəri, Abbas Mirzə Şərifzadə küçəsi 196
Nərimanov Tibb Mərkəzi
Bakı şəhəri, Fətəli xan Xoyski küçəsi 85
Nizami Tibb Mərkəzi
Bakı şəhəri, Yavər Səfərov küçəsi 10
Respublika Perinatal Mərkəzi
Bakı şəhəri, Yusif Səfərov küçəsi 22
Respublika Endokrinoloji Mərkəzi
Bakı şəhəri, Üzeyir Hacıbəyli küçəsi 112
Suraxanı Tibb Mərkəzi
Bakı şəhəri, Yeni Günəşli, A-B yaşayış massivi 355
Sabunçu Tibb Mərkəzi (3 №-li ŞKX)
Bakı şəhəri, Əsildar Məmmədəliyev küçəsi 20
Sumqayıt Tibb Mərkəzi (1 nömrəli Ailə Sağlamlıq Mərkəzi)
Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 25a
Şirvan Müalicə Diaqnostika Mərkəzi
Şirvan şəhəri, Məhəmməd Əmin Rəsulzadə küçəsi 99
Şirvan Rayon Mərkəzi Xəstəxanası
Şirvan şəhəri, Heydər Əliyev prospekti 16
Şamaxı Rayon Mərkəzi Xəstəxanası
Şamaxı şəhəri, Mövsüm Qədirli küçəsi
Şəki Rayon Mərkəzi Xəstəxanası
Şəki şəhəri, Zərifə Əliyeva küçəsi 177
Tibbi Reabilitasiya Mərkəzi
Mərdəkan qəsəbəsi, Baba Əliyev küçəsi 11
V.Y. Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu
Bakı şəhəri, Cəlil Məmmədquluzadə küçəsi 102a
Yevlax Rayon Mərkəzi Xəstəxanası
Yevlax şəhəri, Ceyhun Mustafayev küçəsi 105
Zaqatala Rayon Mərkəzi Xəstəxanası
Zaqatala şəhəri, Zərifə Əliyeva küçəsi
E-saglam.az