“Son elmi araşdırmalar göstərir ki, səhər yeməyi vacib deyil” 
“Son elmi araşdırmalar göstərir ki, səhər yeməyi vacib deyil” 

Dietoloq Turxan Baratzadə: “Əlavə olaraq səhər yeməyində aldığımız enerji bizə əlavə çəki olaraq qayıdır”

Bir qisim insan hər gün səhər yeməyi yeyir, bir qisim isə, səhərlər yemək üçün iştahının olmadığını deyir. Səhər yeməyinə ehtiyac görməyənlər də var. Səhər yeməyinin vacibliyi ilə bağlı fikirlərə tez-tez rast gəlirik. Əslində, doğru olan nədir?

Səhər yeməyi ilə bağlı E-saglam.az-ın suallarını dietoloq, PhD Dr.Turxan Baratzadə cavablandırdı.

- İlk olaraq səhər yeməyinin vacibliyindən danışaq. Səhifənizdəki bir paylaşımda “vacib deyil” yazmışdınız...
- Bəli, vacib deyil.

- Elədirsə, niyə bir çox mütəxəssislər tərəfindən neçə illərdir, səhər yeməyinin vacib olduğu aşılanır?
- Bəzi ortamlarda, yaxud pasientlərə səhər yeməyinin vacib olmadığını, saat 10-11 radələrində, günortaya daha yaxın saatlarda yeməyə başlamağı məsləhət gördüyümüz zaman bizi qəribsəyirlər. Çünki indiyə qədər insanların öyrəndiklərinə tərs bir fikir demiş oluruq. Son elmi araşdırmalar göstərir ki, səhər yeməyi vacib deyil. Əslində, səhər yeməyinin vacibliyini qabardan və bunu tendensiya halına gətirən Amerikanın səhər yeməyi firmalarıdır. Onlar səhər yeməyinin vacib, günə səhər yeməyi ilə başlamağın daha düzgün olduğunu, bunun daha çox enerji verdiyini bildirirdilər.

- Yaxşı, səhər yeməyi niyə vacib deyil?
- Çünki insan gecə yatdığı müddətdə acmır. Səhər yuxudan oyandığında da, ac olmur. Qanda şəkərin miqdarı da səhər kortizol miqdarı bir qədər artmış olur. Beləliklə, qan şəkəri çox da aşağı olmadığı üçün insan ac sayılmır. Təkrar yemək yeyərək qanda şəkərin miqdarını yüksəltməyin çox da faydası yoxdur. Əlavə olaraq səhər yeməyində aldığımız enerji bizə əlavə çəki olaraq qayıdır.

- Səhərlər bir çox insanın yemək istəməməyin səbəbi budur?
- Bəli, qismən belədir. İkinci bir hal insana adət-ənənələri və vərdişləri də təsir edir. Hər gün eyni saatda yemək yeyən adam istəməsə də, o saatda acır. Hər səhər yemək yeməyən insanın da halı eynidir. Yemədiyi üçün artıq onda vərdiş yoxdur və aclıq da hiss etmir.

- Siz özünüz səhər yeməyi yemirsiniz?
- Mən mümkün qədər səhər yeməyini uzatmağa çalışıram. Erkən saatlarda yuxudan oyanmağıma baxmayaraq, səhər yemirəm. Məsələn, nahara yaxın vaxtda yeyirəm və artıq günorta yeməyini təxirə salıram. Bir də axşam yeməyi yeyirəm. Yaxud səhər yeməyi yeməyib birbaşa günorta və axşam yeməyi yeyirəm. Buna “öyün atlamaq” deyirlər. Bəzən mütəxəssislər hansısa öyünü atlamamağı məsləhət görürlər. Ancaq mən bununla razılaşmıram. İnsan ac olduğu zaman yeməlidir. Əgər ac deyilsə, özünü məcbur etməməlidir. Sıx-sıx ac olmadan yeyəndə, sonra yemək alışqanlığı yaranır. Buna “pis boğazlıq” deyirlər. Ac oldu-olmadı, yemək istəyəcək. Uzun müddətli aclıqlarla yemək insulin dirəncinin də qırılmasına səbəb olur.

- Əgər səhər yemək yeyiriksə, bu vərdişimiz varsa, nələri yeməliyik? Ənənəvi səhər yeməyimizdə şirinçay da var.
- Şirinçay doğru seçim deyil. Düzgün səhər yeməyi deyə bir şey də yoxdur. Səhər yeməyi müxtəlif xalqlarda fərqlidir. Məsələn, biz səhər yeməyində pendir, qaymaq, çörək nəzərdə tuturuqsa, fransızlar səhərlər kruasanı düşünə bilərlər. Yaponlar səhərlər başqa yemək yeyir, amerikanlar, ruslar ayrı. Bizim səhər yeməyimiz türk tipli qidalanmadır. Pendir, yağ, çörək və s. türk millətlərinə məxsus səhər yeməyidir. Qidaları illa səhər, günorta, axşam yeməkləri deyə bölmək də düzgün deyil. Qida qidadır, səhər də yeyə bilərsən, günorta da, axşam da. Qidaların səhər və günorta-axşam deyə bölüşdürülməsi milli adət-ənənələrə bağlıdır. Məsələn, bizdə əvvəllər səhər yeməyində çay, pendir, yağ, çörək olardısa, indi reklam tendensiyası ilə türklərdə gördüyümüz kimi yumurta, qayğanaq, zeytun, salat və s. əlavələr var. Səhər yeməyimiz daha da zənginləşib.

- Restoranlardakı səhər yeməyi menyusu ilə yəqin ki tanışsınız. Bu cür menyu haqqında fikriniz maraqlıdır...
- Gündəlik olmamaq şərti ilə ailə, və ya dostlarla bu tip yemək olar.

- Belə yanaşma da var ki, kalorili qidalari səhər yeməyi zamanı yemək lazımdır. Çünki günün digər saatlarında orqanizm bunu yandırır. Həqiqətən belədirmi?
- Qismən doğrudur. Amma sağlam yaşamaq istəyiriksə, tort və digər çox kalorili şirniyyatları həftədə bir-iki dəfədən çox yeməyək. Mümkün qədər çayı şəkərsiz içək. Bu, alışmamış adama çətin gəlir, “çay şəkərsiz içilərmi” desə də, alışandan sonra çox rahat olur. Həm də, ortada ləzzətli şirniyyatlar və ya mürəbbə varsa, çox vaxt sırf onu yesin deyə, çay içirlər.

Aygün