E-saglam.az xəbər verir ki, Melburn Universitetinin alimləri tərəfindən aparılan araşdırmada, xəstələrin qan nümunələrində birbaşa sinir hüceyrələrindən (neyronlardan) gələn zülallar analiz edilib. Alimlər bu yanaşmanın sahədə unikal olduğunu bildiriblər.
İndiyədək şizofreniya autizm, disleksiya və diqqət çatışmazlığı hiperaktivlik pozuntusu (DEHB) kimi neyroinkişaf pozuntularına bənzər şəkildə, beyin inkişafındakı problemlərlə əlaqələndirilirdi. Lakin bu yeni tədqiqatda alimlər şizofreniyanın eyni zamanda sürətlənmiş beyin qocalması ilə də əlaqəli ola biləcəyini vurğulayıblar.
Araşdırma zamanı neyronlar zədələndikdə və ya yaşlandıqda qana və onurğa beyni mayesinə buraxılan “Neurofilament Light Chain Protein (NfL)” adlı zülalın səviyyəsi izlənib. Bu zülal Alzheimer, Parkinson və MS kimi nevroloji xəstəliklərdə də artım göstərir.
Tədqiqat nəticəsində məlum olub ki, şizofreniya xəstələrində NfL səviyyəsi sağlam şəxslərlə müqayisədə daha erkən yaşda və daha sürətli artır. Bu nəticə, onların beyinlərinin bioloji baxımdan xronoloji yaşlarından daha yaşlı olduğunu göstərir. Maraqlıdır ki, eyni artım bipolyar pozuntu diaqnozu qoyulmuş şəxslərdə müşahidə edilməyib. Bu da şizofreniyanı digər psixiatrik xəstəliklərdən fərqləndirən bioloji xüsusiyyətlərin ola biləcəyini göstərir.
MRT taramaları da bu fərqi təsdiqləyərək, şizofreniya xəstələrinin beyinlərində struktur dəyişikliklərin daha sürətlə baş verdiyini ortaya qoyur.
Həyat tərzi də rol oynayır
Melburn Universitetindən psixiatr Dr. Christos Pantelis bildirib ki, şizofreniya xəstələrinin həyat tərzi də beyin qocalmasını sürətləndirə bilər. O, sosial təcrid, fiziki fəaliyyətsizlik, siqaret və maddə istifadəsi kimi faktorların həm zehni, həm də fiziki sağlamlığa mənfi təsir göstərdiyini deyib.
Pantelis əlavə edib: “Şizofreniya xəstələrinin ömür uzunluğu ümumi əhali ilə müqayisədə 20-30 il daha azdır. Bu, əsasən xərçəng və ürək-damar xəstəlikləri kimi yaşla bağlı problemlərin erkən yaşda ortaya çıxması ilə bağlıdır. Bu xəstəliyi daha yaxşı anlamaq və vaxtında müalicə etmək üçün araşdırmalar çox önəmlidir.”
Tərcümə: Könül Oruc