"Münasibət Kouçu olaraq indiyə kimi öz münasibətlərimi yenidən nəzərdən keçirmə meyarım həmin insanlarla başlıca dəyərlərimin üst-üst düşməməsi olub. İnanıram ki, insan güvən və dürüstlük kimi əsas dəyərlərinin üst-üstə düşmədiyi insanlarla yoldaşlıq etdikdə tək dəyərlərini deyil, həm də özünü itirir..."
Münasibət kouçu Kama Ahmad E-saglam.az üçün yazır...
“Təkmilləşdirilmiş dəyərlər sistemi kompas kimidir. O, yolunuzu itirdiyiniz zaman sizi düzgün istiqamətə yönəltmək üçün bələdçi rolunu oynayır.” - İdovu Koyenikan
Hər bir insan dəyərləri qədərdir. Dəyərləri onun çap edilmiş nüsxəsi olmayan şəxsiyyət vəsiqəsidir. Dəyərlərimiz bizim həyatdakı duruşumuzu və mənliyimizi təyin edən, bizə özümüz olmağa və özümüz qalmağa kömək edən dayaq nöqtələrimizdir.
Sağlam və uzunömürlü münasibətlər yalnız sağlam dəyərlər üzərində qurular. Dəyərlərimiz istənilən növ münasibəti qurmaq üçün ilkin istinad nöqtəmizdir. Dostluq və sevgi münasibətlərinə başlamaq istədikdə ilkin olaraq həyatınızda görmək istədiyiniz insanların təməl dəyərlərini təyin etməli və seçim zamanı onları ağlınızda saxlmalısınız. Əks təqdirdə, əsas dəyərlərdəki uyğunsuzluq həyat yollarınızı əvvəl-axır ayırmağınıza səbəb olacaq.
Belə bir deyim var: "İnsan bənzərini sevir". Münasibətlərdəki "bənzərliklər"imiz də ortaq dəyərlərimizdir. Hər hansı bir münasibət sizi narahat etdikdə o insanla ortaq dəyərlərinizin var olub-olmamasını götür-qoy edin. Əgər insanla ortaq dəyəriniz yoxdursa, münasibət təməlindən yanlış qurulub. Daxili səsinizə qulaq verin, sizi narahat edən nədir? Hansı dəyəriniz tapdanıb? Məsələn: Mənəviyyat dəyərinə sahib bir qadının dəyəri həyat yoldaşı evdə yoldaşları ilə içki məclisləri qurduqda tapdanır və bu ailədə davamlı söz-söhbətə səbəb olur.
Hər hansı bir dəyəriniz tapdanırsa, və ya davamlı olaraq nəzərə alınmırsa, çox güman ki, münasibəti bitirmək zamanı gəlib.
Fikrimcə, münasibətdə insanlar bizi məhz dəyərlərimizdən yaralayarlar. Məsələn: sədaqət dəyəri olan biri ona məhz bu tərəfindən yara vurmuş insanla münasibətdə qala bilməz: münasibət dəyərdən gələn zərbədən onun üçün dəyərdən düşər..., və ya güvən dəyəri olan biri onun sirrini qoruya bilməyən dostla yollarını ayırmaq məcburiyyətində qalar.
"Dəyərlərinizi bildiyiniz zaman qərar vermək çətin deyil" - Roy Disney.
Gələcək həyat vizyonumuzu və hədəflərimizi yaradarkən onları öz dəyərlərimiz perspektivindən nəzərdən keçirməyimiz lazımdır, belə ki, bizlər bunu etmədikdə həmin hədəflərə nail olsaq belə bu bizi tam olaraq xoşbəxt etməz və "ən önəmli olanlar"ı nəzərdən qaçırmağımız itkilər verməyimizə səbəb olar. Məsələn, iş və karyeranı ilk plana qoymuş insan ailə dəyərinin olduğunu unudar və karyerasında arzu etdiyi həddə gəlsə belə diqqətsiz qoyduğu ailəsini itirər.
Dəyərlərimiz seçimlərimizin, qərarlarımızın və hərəkətlərimizin ana motivatorudur. Onları xatırlamaq həyat yolumuzu və uğur qazanmağımızı asanlaşdırar. Məsələn, ailə dəyəri güclü insan motivasiya azlığı yaşadıqda yola kimin üçün çıxdığını xatırladıqda bu ona davam etmək üçün ehtiyac duyduğu motivasiyanı bərpa edər.
Dəyərlərimizi tez-tez nəzərdən keçirməli və yeniləməliyik belə ki, bizlər dəyişdiyimiz kimi bizim üçün əhəmiyyətli olanlar da dəyişə bilir. Olmaq istədiyimiz insanı yaratmağa "Gələcəkdəki Mən"imizin sahib olmasını istədiyimiz dəyərləri təyin etməklə başlaya bilərik.
Doğru dəyərlər qazanmağınız və onlara sadiq qalmanız diləyi ilə... Kama Ahmad.
"Facebook" hesabı: https://www.facebook.com/kamaahmadcoach
"İnstagram" hesabı: https://www.instagram.com/coach.kama.ahmad