Sadə bir soyuqdəymə ilə başlayan burun spreyi istifadəsi, İngiltərədə yaşayan Şarlotta Conston üçün 23 illik asılılığa çevrilib.
E-saglam.az xəbər verir ki, o, 7–8 yaşından istifadə etməyə başladığı spreylərdən bu gün gündə 8 dəfə istifadə etdiyini və yanında olmayanda panika, ürəkdöyünmə və nəfəs darlığı yaşadığını deyir.
Şarlottanın sözlərinə görə, sprey ilk zamanlar burnun tam açılması və “təravətli nəfəs” hissi verirdi. Zaman keçdikcə bədəni buna öyrəşib və spreysiz nəfəs almaq demək olar ki, mümkünsüz olub. Hətta gecə yarısı aptek axtarmağa çıxması və şüşənin son damcılarını almaq üçün qapağı dişləməsi də asılılığın nə qədər ciddi olduğunu göstərir.
Mütəxəssislər bildirir ki, bu vəziyyət “Rhinitis Medicamentosa” adlanır və əsasən oksimetazolin və ksilometazolin tərkibli burun açıcı spreylərin uzunmüddətli istifadəsi ilə yaranır. Sprey damarları daraldaraq qısa müddətli rahatlama yaradır, lakin 7 gündən sonra orqanizm buna öyrəşir və daha çox istifadəyə ehtiyac duyur. Dayandırıldıqda isə burun daha da şişir və tıxanıqlıq artır.
Böyük Britaniyada aparılan araşdırmaya görə, əczaçıların 60 faizi insanların bu spreylərin uzun müddət istifadəsinin təhlükəli olduğunu bilmədiyini düşünür. İstifadəçilərin hər beş nəfərindən biri tövsiyə edilən 7 günlük limiti aşır və bəzi hallarda bu, cərrahi müdaxiləyə qədər gedib çıxır.
Mütəxəssislər vurğulayırlar ki, bu risk yalnız burun açıcı dekonjestant spreylərə aiddir. Dəniz suyu (salin) və steroid tərkibli spreylər bu tip asılılıq yaratmır. Burun spreyləri yalnız qısa müddətli və həkim məsləhəti ilə istifadə edilməlidir, əks halda sadə bir soyuqdəymə uzun illər davam edən ciddi problemə çevrilə bilər.
Tərcümə: Könül Oruc