Böyük Britaniyada salmonella epidemiyası ilə əlaqədar narahatlıq artır.
E-saglam.az xəbər verir ki, Səhiyyə Təhlükəsizliyi Agentliyinin (UKHSA) məlumatına görə, 2025-ci ilin əvvəlindən etibarən 100-dən çox insan bu bakteriyaya yoluxub, azı 14 nəfər xəstəxanaya yerləşdirilib. Mütəxəssislər infeksiyanın əsas mənbəyi kimi çirklənmiş pomidorları göstərir.
Aparılan laborator analizlər nəticəsində infeksiyalara nadir rast gəlinən iki növ — Salmonella Blockley və Salmonella Strathcona bakteriyalarının səbəb olduğu təsdiqlənib. Xüsusilə S. Blockley hallarının hamısı pomidorla bağlıdır.
Pomidor niyə risklidir?
Mütəxəssislər bildirir ki, pomidorun yumşaq və məsaməli quruluşu onu bakterial çirklənməyə qarşı daha həssas edir. Çiy halda yeyildiyi üçün daxilə keçmiş mikrobları bişirməklə məhv etmək mümkün olmur.
Bu simptomlar varsa, pomidoru atın:
-
Yumşalmış və ya əzilmiş sahələr
-
Rəng dəyişiklikləri və boz-sarı ləkələr
-
Pis qoxu və yapışqan səth
-
Açıq yara və ya çürüməyə bənzər izlər
Bu əlamətlər bakterial çirklənmə ehtimalının yüksək olduğunu göstərir.
Salmonella yoluxmasının əlamətləri
İnfeksiyanın simptomları adətən 12-72 saat ərzində ortaya çıxır. Ən çox rast gəlinən əlamətlər:
-
İshal (bəzən qanlı və ya selikli)
-
Mədə ağrısı və kramplar
-
Qızdırma
-
Ürəkbulanma və qusma
-
Baş ağrısı, titrəmə, ümumi zəiflik
Xəstəlik adətən 4-7 gün davam edir. Yaşlılar, uşaqlar və immun sistemi zəif olan şəxslərdə ağırlaşmalar baş verə bilər. Bəzi hallarda dehidrasiya, reaktiv artrit və enterik qızdırma kimi ağır fəsadlar inkişaf edə bilər.
Necə qorunmalı?
Mütəxəssislər aşağıdakı qaydalara əməl etməyi tövsiyə edir:
-
Pomidoru yeməzdən əvvəl bol su ilə yaxşıca yuyun
-
Anormal görünüşlü məhsullardan uzaq durun
-
Çiy və bişmiş məhsulları ayrı-ayrı kəsici alətlərlə hazırlayın
-
Əllərinizi yeməkdən əvvəl və sonra yuyun
-
Şübhəli məhsulları almayın və istehlak etməyin
Sağlam qalmaq üçün sadə gigiyena qaydalarına əməl etmək vacibdir.
Tərcümə: Könül Oruc