E-saglam.az xəbər verir ki, gündəlik aktivliyin azalması, xüsusən də oturaq iş rejimi, təkcə dayaq-hərəkət sisteminə deyil, eyni zamanda həzm sisteminə də ciddi təsir göstərir.
Həzm sistemi orqanlarının fəaliyyəti, xüsusilə də bağırsaq, mədə və öd kisəsi kimi əzələ orqanlarının normal tonu fiziki aktivlikdən asılıdır. Az hərəkətlilik onların motorikasını zəiflədir və nəticədə müxtəlif həzm pozuntuları yaranır. Eyni zamanda, maddələr mübadiləsinin yavaşlaması qaraciyər və mədəaltı vəzidə yağ yığılmasına səbəb olur ki, bu da iltihab və funksional pozğunluqlarla nəticələnə bilər.
Oturaq həyat tərzi ilə inkişaf edən əsas xəstəliklər
1. Öd kisəsi problemləri
Fiziki aktivliyin azalması ödün durğunluğuna səbəb olur. Bu, ultrasəs müayinəsində süspansiya, çöküntü və ya safranın laxtalanması kimi əlamətlərlə görünə bilər. Müalicə edilmədikdə bu hal tezliklə öd daşı xəstəliyinə çevrilə bilər.
2. Bağırsaq problemləri
Oturaq həyat tərzi qəbizliyin əsas səbəblərindən biridir. Uzunmüddətli qəbizlik bağırsaqda divertikulların (kisəvari çıxıntılar) yaranmasına səbəb olur. Bu çıxıntılar istənilən an iltihablanaraq insanın həyatı üçün təhlükə yarada bilər.
3. Qaraciyərin piylənməsi (yağlı hepatoz)
Əlamətləri çox vaxt hiss olunmur, lakin bu vəziyyət qaraciyərdə iltihab və toxuma zədələnməsi ilə nəticələnə bilər. Ultrasəs müayinəsində qaraciyərin ölçüsünün böyüməsi və toxuma sıxlığının dəyişməsi müşahidə olunur.
4. Mədə pozuntuları
Oturaq həyat tərzi mədənin boşalmasını gecikdirə bilər. Bu isə yeməkdən sonra ağırlıq, gərginlik və reflüks kimi problemlərə səbəb olur. Duodenogastrik reflüks zamanı bağırsaq məzmunu mədəyə qayıdır, bu da selikli qişanın zədələnməsinə gətirib çıxarır.
5. Mədəaltı vəzi funksiyasının zəifləməsi
Orqanda yağ yığılması nəticəsində ferment istehsalı azalır, bu da həzm pozğunluqlarına və qida intoleransına səbəb olur. Zamanla mədəaltı vəzi yağlı və böyük porsiyalarla qidanı qəbul edə bilmir.
Xəstəliklərin qarşısının alınması üçün nə etməli?
Əgər oturaq iş rejiminiz varsa, mütləq arada fasilələr verməlisiniz. Hər saat bir neçə dəqiqə gəzmək, pilləkənlə qalxmaq və ya yüngül hərəkətlər etmək tövsiyə olunur. Gündə 10.000 addım yürüş ideal sayılır. Fiziki aktivliyi izləmək üçün mobil tətbiqlərdən istifadə etmək olar.
Qidalanma da olduqca vacibdir. Pəhrizə təzə tərəvəz və meyvə, göyərti, quru meyvələr, kəpəkli məhsullar daxil edilməli, ağır yağlı və emal olunmuş qidalardan uzaq durulmalıdır. Gündəlik beş-altı porsiya lifli qida qəbul etmək həzm sisteminin işini tənzimləməyə kömək edir.
Oturaq həyat tərzi təkcə onurğa və əzələlərə deyil, həm də qaraciyər, mədə, bağırsaq və digər orqanlara mənfi təsir edir. Sadə vərdişlərin dəyişdirilməsi – aktivlik və balanslı qidalanma – bir çox xəstəliklərin qarşısını almağa kömək edə bilər.
Tərcümə: Könül Oruc