
Endokrinoloq Roman Teruşkin bildirir ki, 2-ci tip diabet artıq yalnız yaşlılara xas xəstəlik deyil — bu gün gənclərdə də tez-tez rast gəlinir. Səbəb təkcə şəkər deyil, həyat tərzidir.

E-saglam.az xəbər verir ki, 1-ci tip diabet genetikdir və erkən yaşda ortaya çıxır, insulin orqanizmdə ya ümumiyyətlə istehsal olunmur, ya da çox az olur. 2-ci tip isə sonradan qazanılır və əsasən düzgün olmayan qidalanma və passiv həyat tərzi ilə bağlıdır.
Əsas səbəblər:
2-ci tip diabetin yaranmasında irsiyyət rola malik olsa da, qidalanma və fiziki passivlik əsas amillərdir. Yeməklər arasındakı qəlyanaltılar, çoxlu sürətli karbohidratlar və qeyri-stabil yemək rejimi insulin müqavimətinə səbəb olur. Bu zaman orqanizmdə insulinə cavab zəifləyir və xəstəlik inkişaf edir.
Pəhriz və qidalanma:
1-ci tip diabetdə insulinlə qida miqdarı uyğunlaşdırılır. 2-ci tipdə isə şirin və karbohidratlı məhsulların nəzarətsiz istifadəsi xəstəliyi ağırlaşdırır. Yavaş karbohidratlara, zülala və sağlam yağlara üstünlük verilməlidir. Şirniyyat tam qadağan deyil, amma ölçülü və əsas yeməkdən sonra qəbul edilməlidir.
Diabetin qarşısını almaq üçün vərdişlər:
Qəlyanaltıları azaldın, əsas yemək sayını 2-3-ə endirin, protein miqdarını artırın (1 kq çəkiyə 1,5 qram), gündəlik 10 000 addım və ya ekvivalent fiziki hərəkət edin. Hər 6-12 ayda bir müayinədən keçin və glycated hemoqlobin səviyyəsinə nəzarət edin.
Yekun olaraq: diabetin inkişafı sadəcə şəkərin deyil, ümumi həyat tərzinin göstəricisidir. Sağlam qidalanma, fiziki aktivlik və rejim ən güclü qoruyucu vasitələrdir.
Tərcümə: Könül Oruc