Tibbi xəbərlər
İnsanların bədən üzvlərini bərpa etmək mümkün olacaq? -
Tibbi xəbərlər
217

İnsanların bədən üzvlərini bərpa etmək mümkün olacaq? - Alimlər genetik sirri açdılar

Çinin paytaxtı Pekindəki Milli Bioloji Elmlər İnstitutunun alimləri siçanların zədələnmiş qulaqlarını uğurla bərpa etməyə nail olublar. Onlar bunu "orqan regenerasiyası üçün genetik açar" adlandırdıqları mexanizmin kəşfi sayəsində ediblər. Bu araşdırmanın nəticələri gələcəkdə insan orqanlarının da regenerasiyasına imkan verə bilər.

E-saglam.az xəbər verir ki, tədqiqat "Science" jurnalında dərc olunub.

Alimlər müəyyən ediblər ki, siçanların orqanlarını regenerasiya edə bilməmələrinin səbəbi onların kifayət qədər retinoik turşu ("A" vitamini törəməsi) istehsal etməməsidir. Retinoik turşu hüceyrə inkişafı və toxumaların bərpasında mühüm rol oynayır. Onun çatışmazlığı isə qulaq dəri və qığırdaqlarının yenilənməsini əngəlləyir.

Tədqiqatçılar "təkamül zamanı deaktiv olmuş" bir genetik açarı aktivləşdirərək siçanlarda qulağın tam bərpasına, o cümlədən qığırdaq toxumasının yenidən yaranmasına nail olublar. Alimlər göstəriblər ki, bu açarı iki yolla işə salmaq mümkündür: xaricdən retinoik turşu əlavə etməklə və ya "Aldh1a2" genini aktivləşdirməklə (bu gen retinoik turşunun sintezi üçün lazım olan fermenti kodlaşdırır).

Alimlər qulağı tədqiqat obyekti olaraq təsadüfi seçməyiblər. Bu orqan dəridən tutmuş qığırdağa və piy toxumasına qədər müxtəlif toxumalardan ibarət olsa da, daxili orqanlara nisbətən daha sadə quruluşa malikdir və laboratoriya şəraitində üzərində işləmək asandır.

Tədqiqat zamanı alimlər regenerasiya prosesində hüceyrə növlərinin zamanla necə dəyişdiyini izləməyə imkan verən yeni texnologiyadan istifadə ediblər. Bu texnologiya regenerasiya mexanizmlərinin daha dərindən anlaşılmasına şərait yaradıb.

Alimlər hazırda regenerasiyanı müxtəlif orqanlarda işə sala biləcək genetik açarları axtarırlar. İnsan orqanlarının bərpası siçanlara nisbətən daha mürəkkəb və zaman alacaq proses olsa da, tədqiqatçılar gələcəkdə bu texnologiyanın insanlarda da tətbiq ediləcəyinə ümid edirlər. Onların fikrincə, təkamülün orqanizmlərə regenerasiya qabiliyyətini necə qazandırdığını və ya itirdiyini anlamaq, regenerativ tibbin inkişafında mühüm rol oynaya bilər.

Oxu.az

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun