TƏBİB tərəfindən “2025-ci ilin yekunlarına və gələcək planlara” dair brifinq keçirilib.
E-saglam.az xəbər verir ki, brifinqdə TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov, İcraçı direktorun müavinləri - Araz Nəsirov, Anar İsrafilov, TƏBİB-in struktur-bölmə rəhbərləri və media nümayəndələri iştirak ediblər.
Konfransda TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov ətraflı təqdimatla çıxış edib. O, bildirib ki, 2025-ci ilin yanvar-noyabr ayları ərzində TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində əhaliyə göstərilən tibbi xidmətlərin həcmi əvvəlki illərlə müqayisədə əhəmiyyətli dərəcədə artıb:
“Hesabat dövründə pasiyent sayı 5 milyon 164 min 745 nəfər təşkil edib. Bu göstərici 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 3 faiz artım deməkdir. Ümumi müraciətlərin sayı 5 faiz, stasionar tibbi xidmətlər 6 faiz, ambulator xidmətlərin sayı isə 14 faiz artıb. Ümumilikdə, 85 milyon 637 min 469 tibbi xidmət göstərilib. Bu göstərici 2024-cü il ilə müqayisədə 13 faiz artıb. Cərrahi əməliyyatlar və prosedurlar üzrə 342 min 195 əməliyyat icra edilib”.
İcraçı direktor qeyd edib ki, tibb müəssisələrinin infrastruktur təminatının yaxşılaşdırılması məqsədilə ölkə üzrə bir sıra əsaslı təmir-tikinti layihələri həyata keçirilir və planlaşdırılır:
“Bu fəaliyyət çərçivəsində istismara yararsız vəziyyətdə olan binaların yenidən qurulması, modul tipli tibb məntəqələrinin quraşdırılması, mühəndis-kommunikasiya sistemlərinin yenilənməsi üçün zəruri işlər görülür. Hazırda Nərimanov Tibb Mərkəzinin, Kliniki Tibbi Mərkəzin, Respublika Klinik Xəstəxanasının əsaslı yenidən qurulması işləri davam edir.
Laçın Rayon Mərkəzi Xəstəxanasının müvəqqəti yerləşdirilməsi məqsədilə Laçın şəhərində yerləşən mövcud binanın əsaslı təmiri başa çatıb və istifadəyə verilib.
Bakı şəhərində yerləşən 50 tibb müəssisəsində rentgen və flüoqrafiya otaqlarında, həkim idarəetmə və köməkçi otaqlarda bioloji müdafiə sistemlərinin yaradılması məqsədilə əsaslı təmir işləri həyata keçirilir”.
V.Qurbanov deyib ki, Azərbaycan Respublikasında ilkin tibbi-sanitariya yardımının gücləndirilməsi istiqamətində Bərdə rayonu ərazisində kənd həkim və tibb məntəqələrinin modul tipli avadanlıq, inventar daxil olmaqla quraşdırılması işləri icra olunur:
“28 saylı Şəhər Poliklinikasının əsaslı təmiri, eləcə də 132 tibb müəssisəsində rentgen və flüoqrafiya, həkim idarəetmə və köməkçi otaqlarda bioloji müdafiə sistemlərinin yaradılması məqsədilə əsaslı təmir işlərinin aparılması planlaşdırılır.
Qubadlı rayonu ərazisində sendviç panel konteyner - modul tipli xəstəxananın quraşdırılması da planlaşdırılan layihələrdəndir. Eləcə də Sumqayıt şəhərində yerləşən 2 nömrəli Ailə Sağlamlıq Mərkəzinin, eləcə də Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasının əsaslı təmiri və yenidən qurulması icra olunacaq əsas layihələr sırasındadır”.
İcraçı direktor hesabat dövrü ərzində tibb müəssisələrinin fəaliyyətinin optimallaşdırılması, diaqnostik və müalicə xidmətlərinin keyfiyyətinin yüksəldilməsi məqsədilə müxtəlif profilli tibb müəssisələrinin ehtiyacları nəzərə alınaraq, diaqnostik, reanimasiya, laboratoriya, cərrahi, fizioterapiya və digər tibbi avadanlıqlar üzrə təminat layihələrinin icra olunduğunu diqqətə çatdırıb:
“Tibb müəssisəsində istifadə üçün nəzərdə tutulmuş 2 449 tibbi avadanlıq, cihaz və tibbi inventarlar satın alınıb. Cari müddət ərzində alınan avadanlıq və cihazların ümumi məbləği təxminən 32 milyon manat təşkil edib.
TƏBİB-in tabeliyində olan tibb müəssisələrində yeni xidmətlərin təşkili və mövcud xidmətlərin genişləndirilməsi istiqamətində ardıcıl, sistemli işlər görülüb. Yeni Klinikada fəaliyyətə başlayan Robotik Reabilitasiya Mərkəzinin maddi-texniki təminatı məqsədilə mərkəz müasir standartlara uyğun bir sıra robotik və funksional reabilitasiya avadanlıqları ilə təchiz edilib.
Yeni Klinikada 7 vətəndaşa orqan transplantasiya əməliyyatları həyata keçirilib. Xəstələrdən 5 nəfərə böyrək, 2 nəfərə isə qaraciyər transplantasiyası olunub.
Respublika Pediatriya Mərkəzinin tabeliyində olan Ə.F.Qarayev adına Uşaq Klinik Xəstəxanasının tərkibində Yenidoğulmuşların patologiyası və Yenidoğulmuşların reanimasiyası şöbələri fəaliyyətə başlayıb. Sabunçu Tibb Mərkəzində Üz-çənə cərrahiyyəsi şöbəsi yaradılıb”.
İcraçı direktor Kliniki Tibbi Mərkəzdə və Hacıqabul, Abşeron rayon mərkəzi xəstəxanalarında oftalmoloji əməliyyatların icrasına başlanıldığını deyib:
“Eləcə də Sabirabad, Astara, Qobustan rayon mərkəzi xəstəxanalarında, Pirallahı, Xəzər tibb mərkəzlərində Avastin inyeksiyaları icra olunmasına başlanılıb. Salyan Rayon Mərkəzi Xəstəxanasında uroloji əməliyyatların icrası təmin edilib. Qəbələ Rayon Mərkəzi Xəstəxanasında Travmatoloji Mərkəz yaradılıb və burada eyni zamanda damar cərrahiyyəsi əməliyyatları həyata keçirilir. Şirvan Şəhər Mərkəzi Xəstəxanasında kataraktanın FAKO üsulu ilə korreksiyası və intraokulyar linzanın implantasiyası əməliyyatlarına başlanılıb. Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında beyin damarlarının angioqrafiyası icra olunur.
Kliniki Tibbi Mərkəz, Respublika Klinik Xəstəxanası və Sumqayıt, Sabunçu tibb mərkəzlərində də endoprotez əməliyyatları həyata keçirilir. Şəki Rayon Mərkəzi Xəstəxanasında endoskopiya müayinələrinin icrası təmin edilib.
İl ərzində ilkin, müvəqqəti dializ kateterlərinin qoyulması prosedurunu icra edən tibb müəssisələrinin sayı əhəmiyyətli dərəcədə artıb. Şirvan Şəhər Mərkəzi Xəstəxanasında ilkin və qalıcı dializ kateterlərinin qoyulması icra olunur. Şəmkir, Masallı, Quba, Mingəçevir, Xətai, Nizami, Sumqayıt, Respublika Klinik Xəstəxanası, Respublika Kliniki Uroloji Xəstəxana və Mərkəzi Neftçilər Xəstəxanasında isə ilkin dializ kateterlərinin qoyulmasına başlanılıb”.
O bildirib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin fəaliyyətinin rəqəmsallaşdırılması təcili tibbi xidmətlərin keyfiyyətinin və operativliyinin artırılması baxımından böyük əhəmiyyət daşıyır:
“Layihə çərçivəsində çağırışların qəbulu, yönləndirilməsi və briqadaların idarə olunması üçün vahid elektron platforma yaradılması üzrə işlərə başlanılıb. Həmçinin GPS əsaslı izləmə mexanizmləri, xəritə üzərindən real vaxt idarəetmə, briqadaların yüklülüyünün avtomatik hesablanması və operativ marşrutlaşdırma kimi imkanlar tətbiqi ilə bağlı funksionallıqların yaradılması üzrə işlər hazırda davam etdirilir. Məlumat axınının tam elektronlaşdırılması gələcəkdə həm çağrışların emal sürətini artırmağa, həm də xidmətin şəffaflığı yüksəldilməsinə gətirib çıxaracaqdır. Bu rəqəmsal sistem təcili tibbi yardıma olan çağırışlara daha çevik reaksiya verilməsinə imkan yaradaraq institusional idarəetməni müasir standartlara uyğunlaşdırmaqda mühüm rol oynayacaq”.
Regionlarda tibbi xidmətlərin keyfiyyətini və çeşidini artırmaq məqsədilə “Mentor Klinika” layihəsi həyata keçirildiyindən danışan İcraçı direktor layihənin əsas məqsədinin paytaxt Bakı şəhərindəki xəstəxanaların növbə yüklərini azaltmaq, pasiyentlərin paytaxta axınının, ixtisaslı həkim çatışmazlığının qarşısını almaq, tibb heyətinin peşəkarlıq səviyyəsini yüksəltmək, regionda tibbi xidmətin çeşidini artırmaq və bunun nəticəsində müəssisələrin maliyyə potensialının gücləndirilməsini təmin etməkdən ibarət olduğunu deyib.
V.Qurbanov işğaldan azad olunmuş ərazilərdə əhalinin keyfiyyətli və əlçatan tibbi xidmətlə təmin olunması məqsədilə səhiyyə infrastrukturunun qurulması istiqamətində ardıcıl tədbirlərin həyata keçirilməsindən danışıb:
“Hazırda Qarabağ regional TƏB üzrə Laçın Rayon Mərkəzi Xəstəxanası, Ağdərə Xəstəxanası, Şuşa, Ağdam və Zəngilan modul tipli xəstəxanaları, eləcə də Xankəndi poliklinikası daxil olmaqla ümumilikdə 6 tibb müəssisəsində vətəndaşlara ixtisaslı tibbi xidmət göstərilir.
Şuşa Modul Tipli Xəstəxanasında 35 449 müraciət üzrə 55 408 tibbi xidmət, Xankəndi xəstəxanasında 37 782 müraciət üzrə 44 982 tibbi xidmət, Zəngilan Modul Tipli Xəstəxanasında 4 458 müraciət üzrə 4 458 tibbi xidmət göstərilib. Ağdərə Xəstəxanasına 669 müraciət daxil olub və eyni sayda tibbi xidmət icra edilib. Laçın Rayon Mərkəzi Xəstəxanasında isə 29 895 müraciət üzrə 62 539 tibbi xidmət həyata keçirilib.
Eyni zamanda bölgədə səhiyyə xidmətlərinin daha da gücləndirilməsi məqsədilə yeni layihələrin icrası planlaşdırılır. Belə ki, 90 çarpayılıq Şuşa Müalicə-Sağlamlıq Mərkəzinin yaradılması nəzərdə tutulur. KT və MRT avadanlıqları ilə təchiz olunmuş, 91 çarpayılıq Zəngilan Rayon Mərkəzi Xəstəxanasının qurulması planlaşdırılır.
Bundan əlavə, Ağdərə və Xocavənd rayonlarında uşaq və böyük poliklinikalarının, Xocalı rayonunda isə müasir uşaq və böyük poliklinikasının yaradılması nəzərdə tutulub”.
Həyata keçirilən bütün bu layihələr işğaldan azad olunmuş ərazilərdə dayanıqlı səhiyyə infrastrukturunun formalaşdırılmasına, əhalinin tibbi xidmətlərə çıxış imkanlarının genişləndirilməsinə və bölgədə məskunlaşmanın sürətləndirilməsinə xidmət edir”.
O qeyd edib ki, 2026-cı ildə TƏBİB-in fəaliyyəti səhiyyə sisteminin daha keyfiyyətli, əlçatan və dayanıqlı qurulmasına yönəlmiş aydın strateji hədəflər əsasında davam etdiriləcəkdir:
“Əsas prioritetimiz tibbi xidmətlərin keyfiyyətinin və pasiyent təhlükəsizliyinin yüksəldilməsi olacaq. Bu çərçivədə klinik protokolların icrası gücləndiriləcək, ana və uşaq sağlamlığı üzrə risklərin azaldılması, infeksiyaların və ağırlaşmaların minimuma endirilməsi əsas diqqət mərkəzində saxlanılacaq. Səhiyyə xidmətlərinin idarə olunması nəticəyönümlü keyfiyyət indikatorları əsasında aparılacaqdır.
Eyni zamanda ilkin səhiyyənin və profilaktik yanaşmaların gücləndirilməsi davam etdiriləcək. Ailə həkimliyi və ilkin tibbi-sanitariya yardımının rolu artırılacaq, erkən müraciətlərin təşviqi, skrininq proqramlarının genişləndirilməsi və risk qrupları üzrə nəzarətin gücləndirilməsi əsas istiqamətlərdən biri olacaqdır”.
V.Qurbanov əlavə edib ki, regionlarda tibbi xidmətlərə əlçatanlığın artırılması da prioritet olaraq qalacaq:
“İxtisaslaşmış tibbi xidmətlərin regionlarda əlçatan olması davam etdiriləcək, kadr çatışmazlığının azaldılması üçün məqsədyönlü tədbirlər görüləcəkdir. Bununla paralel olaraq, infrastrukturun və maddi-texniki bazanın modernləşdirilməsi, əsaslı təmir və yenidənqurma işləri, modul tipli tibb obyektlərinin tətbiqi və avadanlıqların mərhələli yenilənməsi davam etdiriləcək.
Qeyd etməliyəm ki, icra olunan Qlobal cərrahiyyə layihəsi ölkəmizdə cərrahi xidmətlərin keyfiyyətinin beynəlxalq standartlara uyğunlaşdırılmasına xidmət edir. Layihə çərçivəsində müasir cərrahi yanaşmaların tətbiqi, yerli mütəxəssislərin bilik və bacarıqlarının artırılması əsas prioritetlərdəndir. Bu təşəbbüs regionlarda yüksək ixtisaslı cərrahi xidmətlərə əlçatanlığın artırılmasına mühüm töhfə verir. Eyni zamanda layihə səhiyyə sistemində dayanıqlı inkişafı və insan resurslarının peşəkar inkişafını dəstəkləyir”.
İcraçı direktor vurğulayıb ki, rəqəmsal səhiyyə və idarəetmənin gücləndirilməsi 2026-cı ilin əsas istiqamətlərindən biri olacaq:
“Tibbi turizm üzrə hədəf ölkələrlə sistemli əməkdaşlığın qurulması və genişləndirilməsi, yerli tibb müəssisələrinin tibbi turizm çərçivəsində xidmət göstərməsi üçün institusional və təşkilati hazırlıqların aparılması də növbəti ilin hədəflərindəndir. 2025-ci il ərzində tibbi turizmin sistemli və dayanıqlı inkişafı məqsədilə bir sıra strateji addımlar atılıb. Bu istiqamətdə tibbi turizm strategiyası hazırlanıb, hədəf bazarlar müəyyən edilib, tibbi turistlər üçün prioritet xidmətlər seçilib, beynəlxalq sərgilərdə iştirak etməklə tibbi turizm imkanlarının tanıdılması həyata keçirilib.
Növbəti ildə icbari tibbi sığorta çərçivəsində xidmətlərin səmərəliliyi və şəffaflığı daha da gücləndiriləcək, göndəriş və növbə mexanizmlərinin optimallaşdırılması hesabına vətəndaşların gözləmə müddəti azaldılacaqdır”.
Sonda TƏBİB-in İcraçı direktoru səhiyyə sahəsində həyata keçirilən islahatların, görülən işlərin və əldə olunan nəticələrin ictimaiyyətə düzgün, operativ və obyektiv şəkildə çatdırılmasında medianın rolunun xüsusi əhəmiyyət daşıdığını vurğulayıb və media nümayəndələrinə təşəkkür edib.