Böyük Britaniya və Sloveniyadan olan tədqiqatçılar tənəffüs nümunələrinin Alzheimer xəstəliyinin erkən diaqnozunda vacib göstərici ola biləcəyini müəyyən ediblər.
E-saglam.az xəbər verir ki, Alzheimer xəstəsi olan 19 nəfərlə sağlam 20 nəfərin müqayisəsi zamanı beyin oksigenləşməsi, ürək dərəcəsi, beyin dalğaları və tənəffüs səyləri araşdırılıb. Məlum olub ki, Alzheimer xəstələrində beyin qan axını ilə neyron fəaliyyəti arasında sinxronluq pozulur.
Tədqiqatın digər maraqlı nəticəsi isə Alzheimer xəstələrinin daha sürətli nəfəs almasıdır. Sağlam insanlarda tənəffüs sürəti orta hesabla 13 nəfəs/dəqiqə olduğu halda, Alzheimer xəstələrində bu rəqəm 17 nəfəs/dəqiqə təşkil edib. Bu fərqin beyin damarları və sinir toxumaları arasındakı əlaqələrin pozulması ilə bağlı olduğu düşünülür.
Yeni diaqnostik metod
Alzheimer xəstəliyinin diaqnozunda istifadə edilə biləcək bu metod qan və toxuma nümunəsi götürmədən, baş dərisinə tətbiq olunan elektrik və optik sensorlar vasitəsilə aparılır. Bu da onu daha sürətli və sərfəli üsul halına gətirir.
Alzheimerin tənəffüs nümunələri ilə aşkarlanması hələ tam təsdiqlənməsə də, bu sahədə aparılan araşdırmalar xəstəliyin daha erkən mərhələdə müəyyən edilməsinə kömək edə bilər. Tədqiqatçılar gələcək araşdırmaların bu metodun effektivliyini daha da artıracağını düşünürlər.
Tərcümə: Könül Oruc