
Qərbdə “Avicenna” kimi tanınan İbn Sina, yalnız öz dövrünün deyil, ümumilikdə tibbin inkişafında əvəzsiz rol oynamış alimlərdən biri sayılır. XI əsrdə yaşamış bu görkəmli şəxsiyyət, həm təbabət, həm də fəlsəfə sahəsində dərin biliklərə malik olmaqla yanaşı, bitki mənşəli müalicə üsulları ilə də diqqət çəkmişdir.

E-saglam.az xəbər verir ki, onun dərman bitkiləri ilə bağlı tövsiyələri bu gün də alternativ tibbin əsas dayaqlarından biri kimi dəyərləndirilir.
Zeytun (Olea europaea)
İbn Sina zeytunu həm yağı, həm də yarpaqları ilə birlikdə faydalı hesab edib. O, zeytun yağının həzmə kömək etdiyini, dəriyə müsbət təsir göstərdiyini, zeytun yarpaqlarının isə immun sistemini gücləndirici təsirə malik olduğunu qeyd edib.
Kəklikotu (Origanum vulgare)
İbn Sinanın yazılarında kəklikotuna xüsusi yer verilib. Bu bitki antimikrob xüsusiyyətləri ilə yanaşı, həzmi asanlaşdırır və tənəffüs yollarını sakitləşdirici təsiri ilə tanınır. O, bu otun xüsusilə soyuqdəymə və tənəffüs problemi yaşayanlar üçün faydalı olduğunu vurğulayıb.
Nanə (Mentha piperita)
Nanə İbn Sinanın ən çox tövsiyə etdiyi bitkilərdən biridir. O, bu bitkini mədə pozğunluqları, ürəkbulanma və həzmsizlik zamanı istifadə etməyi məsləhət görüb. Nanə həmçinin baş ağrısını azaltmaq və əsəbləri sakitləşdirmək üçün faydalıdır.
Zəfəran (Crocus sativus)
Zəfəran həm qiymətli ədviyyat, həm də güclü təbii dərman kimi istifadə edilib. İbn Sina zəfəranı mənəvi tarazlıq üçün, depressiyaya qarşı, eləcə də ürək və həzm sistemi sağlamlığının qorunması məqsədilə tövsiyə etmişdir.
Qızılgül meyvəsi (Rosa canina)
İbn Sinaya görə, bu bitki orqanizmin müdafiə mexanizmini gücləndirir. Tərkibindəki yüksək C vitamini sayəsində infeksiyalara qarşı qoruyucu təsir göstərir və bu gün də immuniteti artırmaq üçün istifadə olunur.
İbn Sinanın əsərlərində qeyd etdiyi bu dərman bitkiləri, təkcə onun dövründə deyil, bu gün də müasir alternativ təbabətin diqqət mərkəzindədir. Təbiətin bizə təqdim etdiyi bu bitkilərin müalicəvi gücünü düzgün şəkildə istifadə etməklə sağlam həyat mümkündür.
Tərcümə: Könül Oruc