Ən çox üstünlük verilən və sağlam qidalanma üçün mühüm sayılan ətlərdən biri də hind quşu əti sayılır.
E-saglam.az xəbər verir ki, hind quşunun (hinduşka) ətinin tərkibi onun cinsi, yetişdirilmə şəraiti və bəslənilməsindən asılı olaraq dəyişir.
Biokimyəvi tərkibinə görə hinduşka əti zülallarla zəngindir (20-25 %). Xüsusən də bu növ quş ətinin tərkibində asan həzm olunan sadə zülallar, o cümlədən mioqlobin çoxdur. Toyuqdan fərqli olaraq, hinduşkanın qanad və bud nahiyəsində ətinin rəngi tünd olur. Döş ətinin rənginin açıq çalarlılığı tərkibindəki zülal və ekstraktiv maddələrin çox, yağların isə az olması ilə bağlıdır. Hinduşka ətindəki zülallar balanslı aminturşu spektrinə malikdir və demək olar ki, tərkibində bütün əvəzolunmaz aminturşularına rast gəlinir.
Hinduşka ətinin tərkibində mühüm rol oynayan maddələrdən biri də yağlardır. Bu maddələrin miqdarı hinduşka ətində elə də çox deyildir (1,7-5,6 %). Bu ət növü vitaminlər (A, D, E, K, B1, B2, B3, B4, B5, B6, B9, B12, C), makro və mikroelementlərlə (Ca, Fe, Mg, P, K, Na, S,Cl, Zn, Si, Mn, Cu, Se), eləcə də digər bioloji aktiv maddələrlə olduqca zəngindir. Karbohidratların (qlikogen) miqdarı isə digər maddələrə nisbətən azdır (1%-ə qədər).
Beləliklə, sanitar-gigiyenik tələblər çərçivəsində tədarük edilən hinduşka əti aşağıdakı xüsusiyyətlərinə görə faydalı ət növü hesab olunur:
- sadə zülallar və əvəzolunmaz aminturşularla zəngin olduğundan az yağlı hinduşka əti diyetik qida sayılır;
- tərkibində Omeqa-3 və Omeqa-6 turşuları çox, xolesterol az olduğundan aterosklerozun qarşısını alır;
- selen və sinklə zəngin olduğundan immun sistemini möhkəmləndirir;
- tərkibində asan mənimsənilən dəmirin miqdarı çox olduğundan qanazlığı zamanı faydalıdır;
- allergik təsiri az olduğundan uşaqların, hamilə qadınların və xəstə insanların istehlakı üçün tövsiyə edilir.