
İmmunoloq Prof. Dr. Şadan Soyyiğit bildirib ki, polen allergiyası adətən fevral ayında başlayır və bir neçə ay davam edir. Lakin qlobal iqlim dəyişikliyi səbəbindən bu dövr artıq ilin bütün fəsillərinə yayılıb.

E-saglam.az xəbər verir ki, allergiya əsasən tənəffüs yollarında özünü büruzə verir – burun axması, asqırma, göz qaşınması, tıxanıqlıq və qızartı kimi simptomlarla müşayiət olunur.
Prof. Dr. Soyyiğit genetik meyilli şəxslərdə polen allergiyasının daha sıx görüldüyünü, lakin əvvəllər heç bir problemi olmayan şəxslərdə də zamanla allergiyanın yarana biləcəyini vurğulayıb. Onun sözlərinə görə, bəzi insanlar heç bir əvvəlcədən xəbərdarlıq etmədən birdən-birə şikayətlər yaşamağa başlayırlar. Bu, bədənin sonradan tozcuqlara qarşı həssaslıq inkişaf etdirməsi ilə bağlıdır.
İqlim dəyişikliyi ilə ağacların çiçəklənməsi erkən başlayır və bu proses sentyabr ayına qədər uzana bilər. İnsanlar bu dəyişiklikləri polenlə əlaqələndirə bilməsələr də, allergik şikayətlər məhz bu dövrlərə təsadüf edir. Bu səbəbdən, tozcuqların havada daha çox olduğu saatlarda açıq havada olmamaq, pəncərə və avtomobil şüşələrini qapalı saxlamaq, çöldən gəldikdə geyim dəyişmək və duş qəbul etmək kimi qoruyucu tədbirlər tövsiyə olunur.
Həkim erkən müalicənin əhəmiyyətini də vurğulayaraq, allergik xəstələrin simptomlar başlamadan müalicəyə başlamalarının daha rahat mövsüm keçirmələrinə kömək etdiyini bildirib. Dərman və burun spreyləri ilə yanaşı, irəliləmiş hallarda allergiya mütəxəssisinin nəzarəti altında peyvənd müalicəsi də tətbiq olunur. Bu peyvəndlərlə orqanizm az miqdarda tozcuğa alışdırılır və immun sistemində dözümlülük formalaşdırılır. Müalicə zamanı mümkün yan təsirlərə qarşı xəstə ən azı yarım saat həkim nəzarətində saxlanmalıdır.
Tərcümə: Könül Oruc