Deyingənlik kişilərin qadına qarşı olan istəyini öldürür.
E-saglam.az xəbər verir ki, bunu Oxu.Az-a müsahibəsində klinik psixoloq-seksoloq, Amerika Psixoloqlar Assosiasiyasının üzvü Təhmasib Cavadzadə deyib.
- Seks həyatını ən çox nə zədələyir?
- Birmənalı - qadınların deyinməyi. Bu deyingənlik kişilərin seks istəyini öldürür. Qadın təbiəti qəbuledicidir. Bir narazılıq olanda unutmur, amma tez keçir üzərindən. Kişi isə elə deyil. İşdən evə yorğun gələn kişi qadının “bunu niyə aldın, onu niyə almadın, oraya niyə getmədik, bu niyə belə olub, filankəsin kişisi belə, o birinin arvadı belə...” kimi dır-dırındansa, bir xoş söz, sığal istəyir. Amma təəssüf hissi ilə deməliyəm ki, qadın deyingənliyindən ehtiraslanan kişilər də var. Amma bu, çox nadir rastlanan haldır. Kişilərin əksəriyyəti həyat yoldaşları ilə evlənən zaman onların baxımlı, təmiz, gözəl, ətirli olduqlarına, sakit təbiətli olmalarına diqqət edirlər. Evlilikdən sonra isə qadın özünə baxmır, səliqəsiz, deyingən olur. Bu da, bir növ, kişilərin seks fantaziyalarını öldürür. Heç bir kişi qadını ilə sevişmək istəyərkən onu deyingən halda təsəvvür etməz. Avtomatik olaraq kişi onunla yatağa girmək istəmir və bəhanələr başlayır - başım ağrıyır, yorğunam, imkan ver, dincəlim və s.