
D vitamini sağlam sümüklərin qorunması və güclü immunitet sisteminin təmin olunmasında mühüm rol oynayır.

E-saglam.az xəbər verir ki, günəş işığı bu vitaminin ən yaxşı təbii mənbəsi kimi tanınsa da, bəzi qidalar da orqanizmdə D vitamini səviyyəsini artırmaq üçün olduqca faydalıdır. Bu yazıda D vitaminini təbii yollarla əldə etməyin əsas yollarına nəzər salırıq.
Günəş işığı
Dəriniz günəş işığına məruz qaldıqda D vitaminini təbii olaraq sintez edir. Səhər və günorta saatlarında həftədə bir neçə dəfə cəmi 10-30 dəqiqə açıq havada qalmaq, bu vitamini əldə etmək üçün kifayət edir.
Yağlı balıq
Somon, skumbriya və sardina kimi balıqlar həm D vitamini, həm də omeqa-3 yağ turşuları ilə zəngindir. Bu qidalar sümük sıxlığını artırır, iltihabı azaldır və immun sistemi üçün güclü dəstəkdir.
Yumurta sarısı
Xüsusilə sərbəst gəzən toyuqlardan əldə edilən yumurtaların sarısı D vitamini ilə zəngindir. Pəhrizə əlavə edildikdə sümük sağlamlığına və əzələ funksiyasına dəstək verir, əlavələrə ehtiyac qalmadan immun sistemi gücləndirir.
Göbələk
Bəzi göbələk növləri günəş işığına məruz qaldıqda D2 vitamini istehsal edir. Xüsusilə vegetarian və veganlar üçün göbələk əla bitki mənşəli mənbədir və sümük sağlamlığı ilə yanaşı immun funksiyasını da təbii şəkildə dəstəkləyir.
Süd və bitki mənşəli alternativlər
Süd məhsulları və bəzi bitki əsaslı süd növləri (məsələn, badam və soya südü) D vitamini ilə zənginləşdirilmiş formada təklif olunur. Bu məhsullar həm kalsiumun mənimsənilməsini artırır, həm də sümükləri möhkəmləndirir.
Səhər yeməyi taxılları
Vitamin D ilə zənginləşdirilmiş səhər yeməyi taxılları, xüsusilə süd ilə birlikdə istehlak edildikdə, uşaqlar və böyüklər üçün balanslı və güclü bir qida dəstəyidir.
Pendir
İsveçrə və çedar kimi bəzi pendirlər az miqdarda da olsa D vitamini ehtiva edir. Bu məhsulların balanslı pəhrizlə birgə qəbulu, sümüklərin qorunmasına müsbət təsir göstərir.
D vitamini çatışmazlığının əlamətləri
Vitamin D çatışmazlığı çox zaman qeyri-müəyyən simptomlarla özünü büruzə verir. Yorğunluq, əzələ zəifliyi, bel və ayaqlarda ağrılar, tez-tez infeksiyalara yoluxma, yaraların gec sağalması və saç tökülməsi bu çatışmazlığın əlamətləri ola bilər. Bəzi hallarda əhval dəyişiklikləri, depressiya və əsəbilik də müşahidə oluna bilər. Uşaqlarda raxit, böyüklərdə isə osteomalasiya kimi xəstəliklər ciddi çatışmazlığın nəticəsi ola bilər. Bu vəziyyət yalnız qan analizi ilə dəqiq müəyyən edilir.
Gündəlik tövsiyə olunan qəbul miqdarı
-
Körpələr üçün: 400 IU
-
Uşaqlar, böyüklər və hamilə qadınlar üçün: 600 IU
-
70 yaşdan yuxarı şəxslər üçün: 800 IU
D vitaminini təbii yolla almaq, əlavələrə olan ehtiyacı minimuma endirir və orqanizmin ümumi rifahını artırır.
Tərcümə: Könül Oruc