“Ölkədə Residivverən qırtlaq papillomatozu ilə xəstə olan onlarla uşaq var”.
E-saglam.az Azərbaycanın tanınmış LOR (qulaq-boğaz-burun) həkimi Ramil Həşimlinin çox ciddi problemdən bəhs etdiyini bildirir. İllərdir çalışdığı sahədə mövcud olan problemin həll edilmədən qaldığını açıqlayan həkim həmkarlarından kömək istəyib: “Haranın daşını başımıza salaq? İllərdir səsimizi çatdırmağa çalışırıq, amma faydasız.
Xəstəlik yumşaq desək, həddən artıq yöndəmsiz xəstəlikdir. Ölkədə Residivverən qırtlaq papillomatozu ilə xəstə olan onlarla uşaq var. Qırtlaq və aşağı tənəffüs yollarında tez-tez təkrarlanan çox miqdar papillom (el arasında ziyil kimi də tanınan) törəməsi tənəffüsü və səsi pisləşdirir. 2-3 ay fasilə ilə əməliyyat olunan, 100-cü əməliyyatını (!) elətdirən xəstələrimiz var. Bu maddi və mənəvi yükə dözmək ailələr üçün çox çətindir. Son zamanlar bəzi dərman vasitələri (kimyəvi terapiya) istifadəsi ilə remissiya (2 əməliyyat arası zaman) dönəmini artırmaq, bəlkə də tam xilas olmaq ümidi var. Amma dərman çox baha, ölkəmizdə az qala əlçatmazdır. İnsan papilloma virusuna qarşı peyvənd ixtira olunub və uğurla neçə illərdir istifadə olunur (hətta qonşu Gürcüstanda belə!!!). Amma ölkəmizdə peyvəndləmə haqda düşünülmür belə! 30-dan çox xəstəmiz var saçımızı ağardıb, belimiz bükən (sözün həqiqi mənasında!)”.
Ramil Haşımlı müalicə etdiyi 13 yaşlı xəstəsinin ağır durumuna dəqqəti yönəldir: “13 yaşında qız uşağı, 1,5 yaşından etibarən, öncə Sankt-Peterburqda bir neçə dəfə əməliyyat olunub, traxesotomiya edilib, tənəffüsü traxeostomadandır. Təxminən 9-10 il əvvəl ailə köçüb Azərbaycana gəlib. O zamandan da bizim nəzarətimizdədir. İndiyə kimi 36 əməliyyat olunub (təxminən 30-u tərəfimizdən). Min bir əziyyətlə ordan-burdan alət tapıb gətirməklə əməliyyat etmişik (RKX-da heç bir alət yox idi bunun üçün), 1 qəpik xərcləri çıxmayıb, ailənin maddi durumu da bərbad! Hətta 2 dəfə özəl klinikada direktora vəziyyəti anladıb tam pulsuz əməliyyat etmişik (sağ olsun rəhbərlik). Son zamanlar traxeyasına doğru ciddi yayılma olması işimizi çətinə salırdı. Böyük risklə demək olar əməliyyat sahəsini görmədən papillomları kəsirdim.
Son dəfə 2 ay öncə (aprelin əvvəli) müayinə etdim, qırtlaq demək olar təmiz, amma traxeyada çox miqdar papilloma aşkarlandı, tənəffüsü pisləşmişdi. Bu vəziyyətdə əlimizdə olmayan alətlərlə əməliyyatın ciddi risk olduğu və rigid traxeo-bronxoskop olan klinikada əməliyyat olunmalı olduğunu ailəyə anlatdım. Nəticə: ana hər həftə zəng edir ağlaya-ağlaya. 2 aydır Şəmkirli bu qızcığaz klinikalar arasında get-gəldədir. Dostlardan birindən xahiş etdim, sağ olsun “uyğun ölçülü alət olan yerdə təmənnasız edərəm”, dedi. Qızcığaz hər an boğula bilər. Kimin insafına yazılacaq belə olsa?”
R.Haşımlı həmkarları Vugar Qurbanov, Araz Nəsirovə müraciət edərək qızın müalicəsi üçün səfərbər olmağı xahiş edib. Onun sözlərinə görə, şəhərdə əməliyyat üçün lazımlı alətlərin olduğu olan ən azı 3-4 klinika var.
Həkimin sözlərinə görə, təcili əməliyyat edilməli olan qızın valideyni İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə, TƏBİBə dəfələrlə müraciət etdiklərini də deyib.