Miokard infarktından sonra tez-tez müşahidə edilən ürək yorğunluğu nəfəs darlığı, döş qəfəsində narahatlıq və davamlı yorğunluq kimi simptomlarla əlaqələndirilir. Bu vəziyyət həddindən artıq fiziki və emosional gərginlik, stress və ya əsas ürək xəstəliyi səbəbindən pisləşə bilər. Şiddətli hallarda isə ürək çatışmazlığını göstərə bilər və dərhal tibbi müdaxilə tələb edir.
E-saglam.az ürək yorğunluğunun fiziki əlamətlərini təqdim edir:
Nəfəs darlığı: Xüsusilə fiziki fəaliyyət zamanı və ya uzanarkən nəfəs almaqda çətinlik.
Sinə narahatlığı: Yüngül ağrı, sıxılma və ya təzyiq hissi.
Yorğunluq: İstirahətlə keçməyən davamlı enerji çatışmazlığı.
Şişkinlik: Ayaqlarda və topuqlarda maye toplanması (ödəm).
Ürək döyüntüsü: Sürətli və ya nizamsız döyüntülər.
Baş gicəllənməsi və zəiflik: Ayağa qalxarkən başgicəllənmə və ya zəiflik hissi.
Soyuq tərləmə: Fiziki və ya emosional stresslə əlaqəli tərləmə.
Məşq tolerantlığının azalması: Adi işləri yerinə yetirməkdə çətinlik.
Yatmaqda çətinlik: Nəfəs darlığı ilə oyanma və ya yastıqlarla dəstəklənərək yatma ehtiyacı.
Ürək çatışmazlığına işarə edən ciddi simptomlar
- Bir neçə dəqiqədən çox davam edən davamlı sinə ağrısı.
- Bayılma və ya huşunu itirmə.
- Mavi dəri (siyanoz) və ya soyuq ətraflar.
- Səbəbsiz çəki artımı və ya maye yığılması.
Ürək yorğunluğunda nə etməli?
Əgər bu əlamətləri müşahidə edirsinizsə, xüsusilə də simptomlar şiddətlidirsə, dərhal bir həkimə müraciət edin. Diaqnoz və müalicə üçün müvafiq tibbi yardım vacibdir. Həyat tərzində dəyişikliklər, düzgün istirahət və stressin idarə edilməsi də ürək yorğunluğunu azaltmağa kömək edə bilər.
Tərcümə: Könül Oruc