Özəl Atagöz Tibb Mərkəzindən Qulaq Burun Boğaz Xəstəlikləri Mütəxəssisi Dr. Bahattin Mercan dəniz və hovuz fəaliyyətlərindən sonra xüsusilə yay aylarında rast gəlinən orta qulaq infeksiyaları ilə bağlı xəbərdarlıq edib.
E-saglam.az xəbər verir ki, suya tez-tez məruz qalmaq qulaq kanalında su yığılmasına səbəb ola bilər. Bu su yığılması bakteriya və virusların orta qulağa çatması və orada infeksiyaya səbəb olması üçün uyğun bir mühit təmin edir. Orta qulaq infeksiyalarına qulaqda dolğunluq hissi də daxildir. Eşitmə zəifliyi, ağrı və bəzən qızdırma ilə də özünü göstərə bilər. Belə hallarda gecikmədən LOR mütəxəssisinə müraciət etmək vacibdir.
Orta qulaq sağlamlığınızı qorumaq üçün nə etmək lazımdır?
Qulaq tıxaclarından istifadə edin: Dənizdə və ya hovuzda qulaqcıqlardan istifadə infeksiyanın xarici qulaq kanalına keçməsinin qarşısını alır.
Üzgüçülükdən sonra qulaqlarınızı yaxşıca qurulayın: Qulaqda yığılan suyun boşaldılması üçün başınızı yana əymək və qulaq ətrafını dəsmal ilə qurutmaq vacibdir.
Suyun keyfiyyətinə diqqət yetirin: Çirkli və yüksək bakteriyalı suda üzmək infeksiya riskini artırır. Hovuzların müntəzəm olaraq təmizləndiyini yoxlamaq və dəniz suyunun çirklənmə dərəcələrini bilmək xüsusilə vacibdir.
Gigiyena qaydalarına əməl edin: Dənizdə və ya hovuzda çimməzdən əvvəl və sonra qulaqlarınızı təmiz su ilə yaxalamaq bakteriya və kimyəvi maddələrin yığılmasının qarşısını alır. Həmçinin, qulaq çubuqlarından istifadə etməkdən çəkinin; Bu, qulaq pərdəsini zədələyə və infeksiya riskini artıra bilər.
Həkimə müraciət etməyi gecikdirməyin: Qulaq ağrısı, eşitmə itkisi, dolğunluq və ya axıntı hissi kimi əlamətlər varsa, qulaq burun boğaz mütəxəssisinə müraciət etməlisiniz. Erkən diaqnoz ciddi fəsadların qarşısını almaq üçün vacibdir.
Tərcümə: Könül Oruc