Alimlərin araşdırmasına görə, mikroplastiklər kənd təsərrüfatı torpaqlarında toplanaraq tərəvəz və taxıllar vasitəsilə insan bədəninə keçir. Bu, həm məhsuldarlığı, həm də sağlamlığımızı təhdid edir.
E-saglam.az xəbər verir ki, avstraliyalı mütəxəssis Cozef Boctor və komandası 200-ə yaxın araşdırmanı təhlil edərək göstərib ki, plastik örtüklər, çirkab suları, biosolidlər və üzvi gübrələr torpaqlara mikroplastiklər gətirir. Bu hissəciklər köklər, yarpaqlar və hüceyrələr vasitəsilə bitkilərə keçir.
Boctor bildirir ki, mikroplastiklər torpaqları "plastik çuxura" çevirir və bu maddələrin məhsuldarlığa və insan orqanizminə mənfi təsiri ilə bağlı kifayət qədər məlumat yoxdur.
Mikroplastiklər və onlara əlavə olunan kimyəvi maddələr sonsuzluq, hormon pozuntuları, ürək-damar və sinir sistemi problemləri, hətta DNT zədələnməsinə səbəb ola bilər. Araşdırmalar bu maddələrin hamiləlik dövründə körpəyə keçə biləcəyini də göstərir.
Boctor xəbərdarlıq edir: “Bunlar uzaq ehtimallar deyil. Bu təhlükə səssizcə yayılır və ciddi nəzarət tələb olunur”.
Hesabat "Environmental Sciences Europe" jurnalında dərc olunub.
Tərcümə: Könül Oruc