Radiasiyadan qorunmada yeni mərhələyə qədəm qoyulub. Belə ki, beynəlxalq alimlər qrupu ənənəvi materiallardan - beton və kommersiya şüşələrindən 28%-dən çox effektiv olan qurğuşunsuz borosilikat şüşə hazırlayıblar.
E-saglam.az bildirir ki, bu barədə Rusiyanın Ural Federal Universitetinin (UrFU) elmi kommunikasiyalar şöbəsi xəbər verib.
Qeyd olunub ki, yeni nəsil şüşənin tərkibində insan sağlamlığı və ətraf mühit üçün təhlükəli olan qurğuşun yoxdur. Əvəzində neodim və barium oksidlərindən istifadə olunub ki, bu da həm radiasiyaya qarşı yüksək səviyyədə qoruma, həm də şəffaflıq və optik göstəricilərin yaxşılaşması ilə nəticələnib.
Bu texnologiya sayəsində tibbi, sənaye və nüvə avadanlıqları üçün daha nazik, daha yüngül və davamlı qoruyucu ekranlar istehsal etmək mümkün olacaq. Eyni zamanda, sarı və yaşıl işığı udma xüsusiyyəti bu şüşələri qaynaq eynəkləri üçün ideal hala gətirir.
Tədqiqat Rusiya, İordaniya, Səudiyyə Ərəbistanı, Malayziya və Misir alimləri ilə birgə həyata keçirilib. Nəticələr kompüter modelləşdirməsi vasitəsilə də təsdiqlənib.
Alimlərin sözlərinə görə, bu innovativ yanaşma həm təhlükəsizlik standartlarını yüksəldir, həm də ekoloji baxımdan daha təhlükəsiz alternativ təqdim edir.
Oxu.az
E-saglam.az