Tibbi xəbərlər
Follikul donorluğu Azərbaycanda hamını bir-birinə qohum edə bilər? –
Tibbi xəbərlər
168

Follikul donorluğu Azərbaycanda hamını bir-birinə qohum edə bilər? – Araşdırma

"Bir ailənin sevinci ola bilərsən?”

"Bir ailənin sevinci ola bilərsən?”

Sosial şəbəkələrdə “follikul donoru axtarılır” adı altında alverlə məşğul olan hesablarla tez-tez rastlaşırıq. İnsanın genetik materialı, sözün əsl mənasında, bazar məhsuluna çevrilir. Reklam cəlbediciliyi üçün də “Bir ailənin sevinci ola bilərsən”, “Övlad həsrəti çəkən biri sayəndə ana ola bilər” kimi manipulativ və insan hisslərinin istismarına yönələn cümlələrdən istifadə olunur.

Qiymət dəyişir: 200-700 manat

APA TV-nin araşdırma aparan əməkdaşı qiymətlərlə və şərtlərlə bağlı məlumat almaq üçün follikul donoru axtaran instaqram səhifələrinə mesaj yazıb. Məlum olub ki, donor üçün 200-700 manat arası məbləğ təklif edilir. Hətta daha yuxarı qiymət deyənlər də var.

Donor üçün bəzi həkimlər 18 yaşdan yuxarı, bəziləri isə 20-22 yaşdan yuxarı şəxsləri tələb edirdi.

Araşdırma zamanı o da bəlli olub ki, follikullarını satan qadınların əksəriyyəti maddi sıxıntı içində olan, hüquqi boşluqları və riskləri anlamayandır. Həmin qadından yumurtalar yumurta toplama prosesi ilə toplanır, sonra uşaq sahibi olmaq istəyən qadının ərinin spermatozoidləri ilə birləşdirilərək rüşeym əldə edilir və müəyyən vaxtdan sonra həmin rüşeymlər ana olmaq istəyən qadının uşaqlığına yerləşdirilir. Donordan alınan follikulların gələcəkdə kimə və necə köçürüləcəyi isə tamamilə qeyri-müəyyən olur, proses qeydiyyatsız həyata keçirilir.

Ginekoloq: : Bu prosesin instaqram üzərindən aparılması doğru deyil"

Ginekoloq Təranə Nəsibli bildirir ki, donor follikul istifadə oluna bilər: "Ancaq donor olacaq insan həmin şəxsin ya yaxın qohumu, ya da başqa tam sağlam şəxs olmalıdır . Amma bu prosesin instaqram üzərindən aparılması doğru deyil. Bu, qanunla təsdiq olunsa, daha yaxşı olar. Əgər bizdə də bu donorluğa və ya surroqat ana olmağa icazə verilsə, prosesə mərkəzləşmiş nəzarət olar, həm də yoxlamalar həyata keçirilər. Məsələn, Gürcüstan bunu qanuni edib, təkcə bu prosesin həyata keçirilməsi ölkəyə xeyli valyuta gətirir. Proses qanunla tənzimlənsə, ana ola bilməyən insanlar gedib xarici ölkələrdə öz pullarını xərcləyib, bilmədiyi, tanımadığı insanları özlərinə surroqat kimi qəbul etməyəcəklər. Eyni zamanda donor üçün başqa ölkələrə gedib başqa millətin yumurtalarından istifadə etməyəcəklər".

Ginekoloq onu da qeyd edir ki, yumurta yetişdirmə və toplama prosesinin riskləri var. Ödənilən pul da buna görədir. Belə ki, proses zamanı həmin donorda hiperstimulyasiya, yəni yumurtalıqların şişməsi baş verə bilir. Yumurta toplama da kiçik cərrahi müdaxilədir və hər müdaxilədə olduğu kimi zədələnmə, infeksiya kimi riskləri var. Bu səbəblə də məsləhət görülmür ki, məlum olmayan şəkildə donorlardan istifadə olunsun.

"Belə uşaqlar qardaş və ya bacı kimi qəbul edilir"

"Əgər eyni yumurta donoru, yəni eyni qadının yumurta hüceyrələri istifadə olunubsa, uşaqların ana tərəfdən genetik materialı eynidir, çünki yumurta hüceyrələri donordan götürülür. Uşaqlar fərqli qadınlar tərəfindən doğulsa da, onların genetik kodu ana tərəfdən eynidir. Bu baxımdan, belə uşaqlar bioloji (genetik) qohum, yəni qardaş və ya bacı kimi qəbul edilir". Bunu isə genetik mütəxəssis Zakir Bayramov bildirir.

"Amerikada yüzlərlə gen institutu var. Onlar pulsuz araşdıra bilər. Amma başqa ölkələrdə belə imkanlar yoxdur".

Zakir Bayramov onu da qeyd edib ki, donorlar ciddi yoxlanılmalı, genetik araşdırma aparılmalıdır.

Deputat: Qanundan kənar satış kriminal əməl kimi qiymətləndirilir

Deputat Fazil Mustafa isə qeyd edib ki, insan orqanları ilə bağlı donorluq fəaliyyəti qanunvericilikdə müvafiq müddəalarla tənzimlənir.

Deputatın fikrincə, xüsusi komissiya yaradılaraq, follikul donorluğu ilə bağlı konkret situasiyaya uyğun qərar verməlidir. Belə bir komissiya var, amma onun çevik, işlək olması çox önəmlidir.

"Qanundan kənar satış kriminal əməl kimi qiymətləndirilir. Sosial şəbəkə üzərindən satış həyata keçirilməsi, qadınların öz yumurtaları ilə bağlı satış həyata keçirməsi kriminal əməl kimi qiymətləndirilməlidir. Ancaq konkret qohumluq əlaqələri olan, necə ki, böyrək, qaraciyər köçürməsi prosesi tənzimlənirsə , bu da o cür tənzimlənməlidir. Bu kimi məsələləri alver predmetinə çevirmək olmaz. Bunu ancaq yaxın insanlara fədakarlıq məqsədi ilə etmək olar, Qadınlarla bağlı bu məsələnin həlli “Reproduktiv sağlamlıq haqqında” qanunvericilikdə nəzərdə tutulan müddəaların içində yer almalıdır. Belə bir tənzimlənmə nəzərdə tutulursa, bundan kənara çıxıb sosial şəbəkə üzərindən bunu gerçəkləşdirmək yolverilməzdir. Hüquq-mühafizə orqanları bu məsələni diqqətdə saxlamalıdır".

Qanun yoxdur

Səhiyyə Nazirliyindən isə bildirilib ki, hazırda Azərbaycanda follikul (yumurta hüceyrəsi) donorluğunu tənzimləyən xüsusi qanunvericilik mövcud deyil. Ölkədə orqan və toxumaların transplantasiyası ilə bağlı ümumi hüquqi çərçivə olsa da, bu normativ sənədlərdə follikul donorluğuna dair konkret müddəalar əksini tapmayıb.

Həmçinin qeyd olundu ki, hazırda bu proses hüquqi baxımdan qeyri-müəyyən vəziyyətdə olduğundan, belə hallarla qarşılaşan şəxslərin mütləq şəkildə hüquqi məsləhət alması tövsiyə olunur.

E-saglam.az 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun