"Hazırda tibb gündəmində ən çox bəhs edilən mövzulardan biri də 2001-ci ildə Hollandiya alimləri tərəfindən kəşf edilən İnsan metapnevmovirusu (hMPV) tərəfindən yaranan kəskin respirator infeksiyalardır. hMPV ilə xəstələnmə əksər hallarda payız-qış mövsümündə rast gəlinir".
Bu sözləri E-saglam.az-a açıqlamasında epidemioloq Bahar Quliyeva deyib.
Onun sözlərinə görə, hMPV ilə təkcə xəstənin öskürməsi, asqırması və ya xəstə ilə yaxın təmasdan deyil, həmçinin üzərində virus olan oyuncaqlar və ya qapı tutacaqları kimi əşyalara toxunmaqla da yoluxmaq mümkündür.
Bəs hMPV kimlər üçün xəstələnmə riski yaradır?
B.Quliyeva qeyd edib ki, risk qrupuna əksər hallarda uşaqlar, zəifləmiş immun sistemi olan insanlar və yaşlılar daxildir:
"hMPV ilə əksər hallarda 5 yaş və ya azyaşlı uşaqlar yoluxur. Orqanizmin vəziyyətindən, aparılan müalicənin effektivliyindən asılı olaraq, uşaqlarda 5-16% hallarda pnevmoniya kimi aşağı tənəffüs yollarının infeksiyası inkişaf edə bilər.
hMPV təxminən 2-5 gün davam edən soyuqdəymə əlamətləri ilə özünü göstərir".
Özümüzü və övladlarımızı xəstələnməkdən necə qoruyaq bilərik?
Epidemioloq əlavə edib ki, profilaktika zamanı ilk növbədə şəxsi gigiyena qaydalarına əməl etmək, əllərin təmizliyi mütləqdir: "Qeyd edək ki, virusla xəstələnmiş şəxslər maskadan istifadə etməklə xəstəliyin sağlam şəxslərə ötürülmə ehtimalını da azalda bilər. Bu cür sadə qaydalara əməl edib məsuliyyətli davranaraq özümüzü və çevrəmizi qoruyaq".