Son illərdə ictimai ayaqyoluların əksəriyyətində kağız dəsmalların əvəzinə elektrikli əlqurutma cihazları quraşdırılır.
E-saglam.az xəbər verir ki, bu cihazlar həm ekoloji cəhətdən sərfəli, həm də gigiyenik kimi təqdim olunsa da, bəzi sağlamlıq və dəri problemlərinə yol aça biləcəyi barədə xəbərdarlıqlar artmaqdadır.
Dəri quruluğu və həssaslıq
Əlqurutma cihazları isti hava axını ilə əlləri tez bir zamanda qurudur. Ancaq bu proses dəridəki təbii nəmliliyin buxarlanmasına səbəb olaraq quruluğa, çatlamalara və həssaslığa yol aça bilər. Xüsusilə dərisi quru və ya atopik dermatitə meyilli şəxslər üçün bu cihazlar əlavə narahatlıq yarada bilər.
Bakteriyaların yayılması riski
Bəzi tədqiqatlar göstərir ki, hava axını ilə işləyən bu cihazlar əllərdə olan və ya ətraf mühitdəki mikrobları havaya səpə bilər. Bu da əlqurutma prosesindən sonra bakteriyaların dəridə yenidən yerləşmə ehtimalını artırır. Xüsusilə yüksək sürətli hava üfürən modellər bu riski daha da yüksəldir.
İsti hava və dəri qıcıqlanması
İsti və güclü hava axını dəriyə davamlı təzyiq göstərdiyindən, həssas dəridə qızartı, yanma və qıcıqlanma hissi yarada bilər. Bu, uşaq dərisi və yaşlı insanlarda daha aydın hiss olunur.
Nə etmək olar?
Əgər dəri quruluğu və ya həssaslıqdan əziyyət çəkirsinizsə, ictimai yerlərdə kağız dəsmal seçimlərinə üstünlük verin.
Əlqurutma cihazından istifadə etdikdən sonra əllərinizə nəmləndirici krem çəkin.
Əlinizdə açıq yara və ya çat varsa, isti hava cihazlarından uzaq durmaq tövsiyə olunur.
Tərcümə: Könül Oruc