Səhərlər oyandığımızda etdiyimiz bəzi seçimlər, xüsusilə də acqarına qəbul etdiyimiz içkilər düşündüyümüzdən daha çox sağlamlığımıza təsir edir. Bədənimizin əsas orqanlarından biri olan mədəyə zərər verən səhvlərdən xəbərsiz olaraq gündəlik vərdişlərimizi davam etdirə bilərik. Bu səbəblə səhərlər nə içdiyimizə diqqət etmək çox vacibdir.
E-saglam.az xəbər verir ki, mütəxəssislər bildirirlər ki, acqarına qəbul edilən bəzi içkilər mədə turşusunun ifrazını artıraraq reflü, yanma və qastrit kimi həzm problemlərinə səbəb ola bilər. Bundan əlavə, bu içkilər qan şəkərinin sürətlə qalxmasına, bədənin enerji balansının pozulmasına və uzunmüddətli metabolik xəstəliklərə yol aça bilər. Ən çox edilən səhvlərdən biri isə səhər acqarına qəhvə içməkdir.
Qəhvə düzgün və ölçülü istifadə edildikdə faydalı hesab olunur. Lakin acqarına içildikdə tərkibindəki kofein mədəyə mənfi təsir göstərir. Mədə turşusunun artmasına səbəb olaraq yanma və narahatlıq yaradır. Həmçinin sinir sistemini stimullaşdırdığı üçün boş mədədə qəbul edildikdə əsəbilik, gərginlik və yuxu pozuntuları baş verə bilər. Uzun müddət bu vərdiş davam edərsə, qastrit və reflü kimi xroniki problemlər ortaya çıxa bilər.
Bənzər bir təsir kolada da müşahidə olunur. Kola tərkibində həm turşu, həm də yüksək miqdarda şəkər daşıyır. Acqarına içildikdə bu maddələr mədənin qoruyucu qatına zərər verərək qıcıqlanma yaradır. Şəkərin yüksək olması isə qan şəkərinin sürətlə qalxmasına və insulin tarazlığının pozulmasına səbəb olur. Bu vəziyyət uzun müddət davam etdikdə piylənmə, diabet və ürək-damar xəstəlikləri riski artır. Şəkər eyni zamanda dişlərə də zərər verir, çürümə ehtimalını yüksəldir.
Gününə sağlam başlamaq istəyən hər kəs səhər saatlarında seçdiyi içkilərə diqqət etməlidir. Mədənizi qorumaq və sağlamlığınızı uzunmüddətli saxlamaq üçün qəhvə və kolanı boş mədədə deyil, yüngül yeməkdən sonra qəbul etməyiniz tövsiyə olunur. Beləliklə, səhərlər etdiyiniz bu kiçik dəyişiklik böyük sağlamlıq fərqi yarada bilər.
Tərcümə: Könül Oruc