Türkiyənin Səhiyyə naziri Kamal Memişoğlu tibbi zərurət olmadan həyata keçirilən qeysəriyyə əməliyyatlarının həm ana, həm də körpənin sağlamlığı üçün ciddi risklər yaratdığını bildirib.
E-saglam.az xəbər verir ki, nazir qeyd edib ki, qeysəriyyə ilə doğuşların sayının artması Türkiyədə geniş yayılmış böyrək xəstəlikləri ilə əlaqəli ola bilər. “Sabah” qəzetinə verdiyi müsahibədə Memişoğlu vurğulayıb ki, qeysəriyyə əməliyyatı yalnız tibbi zərurət olduqda həyata keçirilməlidir. Onun sözlərinə görə, körpənin böyrək hüceyrələrinin inkişafı hamiləliyin son 4-5 həftəsində tamamlanır. Bu mərhələdən əvvəl doğulan körpələrdə böyrək hüceyrələri tam formalaşmadığı üçün onların gələcəkdə böyrək problemləri ilə qarşılaşma riski artır. Nazir əlavə edib ki, Türkiyə böyrək xəstəliklərinin yayılmasına görə dünya üzrə ön sıralarda yer alır və bu vəziyyətin səbəblərindən biri də erkən və tibbi səbəbsiz qeysəriyyə doğuşlar ola bilər.
Memişoğlu qeyd edib ki, Türkiyədə qeysəriyyə əməliyyatlarının ümumi göstəricisi 61 faiz, özəl xəstəxanalarda isə bu rəqəm 78 faizə çatır. O, bəzi ailələrin xüsusi və simvolik tarixlərə uyğun doğum üçün qeysəriyyəni seçməsini narahatedici hal kimi qiymətləndirib. Belə hallarda ana və körpənin sağlamlığının riskə atıldığını deyən nazir, bu cür qərarların yalnız tibbi göstərişlər əsasında verilməsinin vacibliyini vurğulayıb.
Nazir həmçinin bildirib ki, qadınların doğuşla bağlı qorxularından istifadə edərək onları qeysəriyyəyə yönəltmək doğru deyil və bu, ictimaiyyətdə çaşqınlığa səbəb olur.
Tərcümə: Könül Oruc