ABŞ-də aparılan yeni bir araşdırma uzun müddət oturmanın təkcə fiziki deyil, beyin sağlamlığı üçün də təhlükəli olduğunu ortaya çıxarıb.
E-saglam.az xəbər verir ki, Vanderbilt Universiteti, Pittsburq Universiteti və Seul Milli Universitetinin tədqiqatçıları tərəfindən aparılan bu araşdırma göstərib ki, xüsusilə 50 yaş və yuxarı şəxslərdə uzun müddət oturmaq beyin həcminin azalmasına və idrak funksiyalarının zəifləməsinə səbəb ola bilər.
Nüfuzlu "Alzheimer’s & Dementia" jurnalında dərc olunan araşdırma nəticələrinə görə, hətta müntəzəm fiziki fəaliyyət belə bu mənfi təsirləri tam aradan qaldıra bilmir. Gündəlik həyatda uzun müddət hərəkətsiz qalmaq, beynin yaddaş və öyrənməyə cavabdeh olan hipokampus bölgəsində incəlməyə səbəb olur. Bu bölgə həm də Alzheimer xəstəliyində ilk zədələnən sahələrdən biridir.
Araşdırma çərçivəsində yaşı 50-dən yuxarı olan 404 könüllü bir həftə ərzində xüsusi sensorlarla izlənilib. Onların böyük əksəriyyəti həftəlik tövsiyə olunan 150 dəqiqəlik fiziki fəaliyyəti yerinə yetirsə də, gün ərzində daha uzun müddət oturan şəxslərdə beyin həcminin daha aşağı olduğu müəyyən edilib.
Vanderbilt Universiteti Tibb Mərkəzinin nevroloqu Dr. Angela Jefferson bildirib: “Hərəkətsiz sərf olunan vaxt, yaşla əlaqəli beyin kiçilməsini sürətləndirə bilər. Alzheimer riski genetik olaraq yüksək olan insanlar bu təsirlərə daha həssasdır”.
Tədqiqat birbaşa səbəb-nəticə əlaqəsini təsdiqləməsə də, uzun müddət oturma ilə azalmış beyin həcmi arasında güclü əlaqə göstərir. Mütəxəssislər bu təsirin yaş artdıqca daha da qabarıq şəkildə özünü göstərdiyini vurğulayırlar.
Tədqiqatçılar masa arxasında çalışan və uzun müddət oturan insanlara aşağıdakı tövsiyələri verirlər:
Hər 30 dəqiqədən bir qısa fasilə verin, ayağa qalxın və gəzin.
Uzun iclaslar və ya ekran qarşısında iş zamanı oturma müddətini şüurlu şəkildə azaldın.
Fiziki aktivliklə yanaşı, gündəlik həyatınıza hərəkətli vərdişlər daxil edin.
Dr. Jeffersonun sözlərinə görə, “Təkcə idman zalında vaxt keçirmək kifayət etmir. Gündəlik həyatda daim aktiv olmaq beyin sağlamlığı üçün əsas şərtlərdən biridir”.
Tərcümə: Könül Oruc