Gecə tez-tez sidiyə çıxmaq çox zaman sadə bir narahatlıq kimi qəbul edilsə də, bu hal altında ciddi sağlamlıq problemlərinin siqnalı ola bilər.
E-saglam.az xəbər verir ki, Urologiya mütəxəssisi Dr. Aydın Erkul bu vəziyyətin davamlı olduğu halda ciddiyə alınmalı olduğunu vurğulayır.
Sağlam insanlarda gecə sidiyə çıxmaq adətən gözlənilən bir hal deyil. Bu, yalnız bəzi hallarda — məsələn, axşam saatlarında çoxlu maye və ya spirt qəbulu zamanı bir dəfə baş verə bilər. Əgər bu vəziyyət mütəmadi hal alırsa, səbəbləri araşdırılmalıdır.
Qadınlarda tez-tez sidiyə çıxma çox zaman sidik kisəsi əzələlərinin düzgün çalışmaması ilə əlaqələndirilir. Bu vəziyyətə "sidik kisəsi disfunksiyası" deyilir və gecə tualetə getmə ehtiyacı ilə yanaşı, sidik qaçırma və ya təcili sidiyə çıxma hissi də müşahidə oluna bilər.
Kişilərdə isə bu halın ən çox görülən səbəbi prostat vəzinin böyüməsidir. İstər xoşxassəli, istərsə də bədxassəli böyümə, yuxunun tez-tez bölünməsinə və sidiyə çıxma ehtiyacına səbəb ola bilər. Bundan başqa, sidik yollarında rast gəlinən şişlər, daşlar, kistlər və ya uretra darlığı kimi problemlər də oxşar simptomlara yol aça bilər.
Dr. Erkul qeyd edir ki, gecə sidiyə çıxma şikayəti əgər nizamlı xarakter alırsa, yuxu keyfiyyətini pozursa və bu hal uzun müddət davam edirsə, mütləq uroloqa müraciət edilməlidir. Qısa müddətli halların arxasında stress və ya psixoloji amillər dayana bilər, lakin davam edən hallara laqeyd yanaşmaq olmaz.
Erkən diaqnoz bu problemin arxasında dayanan xəstəliklərin vaxtında aşkarlanmasına və müalicəsinin daha uğurlu olmasına imkan verir. Xüsusilə yaşlı insanlarda bu cür əlamətlər daha ciddi xəstəliklərin xəbərçisi ola bilər.
Dr. Erkulun sözlərinə görə, sadə görünən bu problem, əslində, həyat keyfiyyətinə mənfi təsir göstərən bir simptomdur və vaxtında mütəxəssis nəzarətində araşdırılmalıdır. Vaxtında tədbir görmək həm sağlamlığın, həm də yuxu rejiminin qorunması baxımından böyük əhəmiyyət daşıyır.
Tərcümə: Könül Oruc