Xəstələri gərəksiz analizlərə göndərən həkimlər -
Xəstələri gərəksiz analizlərə göndərən həkimlər -

Həkim: “Müayinələrin geniş şəkildə aparılmasının pasiyent üçün ancaq faydası var, yalnız...”

Mütəxəssislər hesab edir ki, həkimlərin bir çoxu xəstələrdən gərəksiz analizlər verməyi tələb edirlər. Rusiyalı ginekoloq, professor Olqa Çerepanovanın fikrincə, faydasız müayinələrə simptomsuz flora testləri, hormon testləri və cinsi yolla ötürülən infeksiyalar üçün testlər daxildir. O, gərəksiz analizlərin, sadəcə, pul itkisi olduğunu deyib (Lent.az).

“Hər şey üçün analiz vermək pul itkisidir. Profilaktika üçün flora analizi faydasız hesab olunur. Simptomlar olmadan analiz vermək yalnız cərrahi prosedurlardan əvvəl və hamiləlik dövründə lazımdır. Əgər heç bir əlamətiniz yoxdursa və cinsi partnyorunuzu dəyişməmisinizsə, cinsi yolla ötürülən infeksiyaları yoxlamağın da mənası yoxdur”, - deyə həkim bildirib.

Hormon testləri də həkim məsləhəti olmadan profilaktika üçün lazım deyil. Onlar, məsələn, menstruasiya pozuntuları üçün təyin edilə bilər. “Patologiyanın olub-olmadığını müəyyən etmək və ya şübhələri təkzib etmək üçün testlər aparılır. Test nəticələri lazımsız narahatlığa, əsassız əlavə müayinələrə və bəzən lazım olmayan müalicəyə səbəb ola bilər”, - deyə Çerepanova yekunlaşdırıb.

Sirr deyil ki, Azərbaycanın bəzi klinikalarında da bənzər hallara rast gəlinir. Özü də söhbət təkcə ginekologiyadan getmir. İnsanlar ehtiyac olmadığı halda əlavə analizlərə göndərilməkdən narazılıq edir, bunu pul, vaxt və əsəb itkisi sayırlar. Bəzi ehtimallara görə, səbəb klinikanın rəhbərinin həkimlərə qoyduğu şərtlərlə bağlıdır.

Bəs belə halların qarşısını necə almaq olar? Hər şey qırağa, Hippokrat andı içmiş həkim xəstəyə münasibətdə niyə qeyri-səmimi davranır, içdiyi anda xilaf çıxır?         

Qeyd etmək yerinə düşər ki, özəl xəstəxanalarda həkim konsultasiyası 30-80 manat, analizlər isə 50-100 manatdan başlayır. Elə analizlər də var ki, qiymətləri 350-500 manatdır. Ümumiyyətlə isə Azərbaycanda “chek up” müayinələr sığorta təminatında deyil. Nəzərə almalıyıq ki, əhali arasında qəfil ölüm halları tez-tez qeydə alınır və müalicəsi çətin olan xəstəliklərin sayı durmadan çoxalır.  Mütəxəssislər bu kimi halların qarşısının alınması üçün insanların vaxtaşırı “chek up” müayinələrdən keçməsini vacib sayırlar. “Chek up”ın ölkəmizdə baha olması səbəbindən insanlar vaxtlı-vaxtında müayinə oluna bilmirlər.

Zülfüqar Yusifov

İnvaziv ağrı mütəxəssisi Zülfüqar Yusifov mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini bölüşüb: “Tibdə müayinələr olduqca vacib şərtlərdəndir. Çünki müalicənin yarısı düzgün diaqnozun qoyulmasından asılıdır. Bunun üçün isə çox əhatəli müayinələr lazımdır. Bu müayinələr təkcə laborator-instrumental müayinələr deyil. Həm də fiziki müayinələrə və s. aiddir. Amma bir sıra hallarda xəstəliklər o qədər gizli şəkildə gedə bilir ki, xəstəliyin diaqnozunu doğru müəyyənləşdirmək və doğru müalicə aparmaq üçün əhatəli müayinə aparmaq lazım gəlir. Bu zaman çalışdığımız klinikalarda olan müayinə imkanlarından tam bu məsələləri həll edə bilmirik. Bu proses digər ölkələrə göndərişə qədər davam edə bilir. Ətraflı müayinələrə baxmayaraq pasiyentin diaqnozunu qoymaq mümkün olmaya bilər. Baxmayaraq ki, müayinələr olub. Belə hallarda pasiyent dinamik müşahidəyə götürülür və ümumi həyati simptomların aradan qaldırılması üçün tədbirlər görülərək müşahidədə saxlanılır. Növbəti müayinələrlə araşdırmalar davam edir. Çünki bəzən bu və ya digər zamanda ortaya çıxmayan göstəricilər digər zamandan sonra özünü göstərə bilər”.

Həkim əlavə edib ki, sığorta tətbiq olunan ölkələrdə sığorta şirkətlərinin özünün marağındadır ki, erkən müayinələr aparılsın: “İki cür müayinə var. Bir var pasiyent şikayətlə gəlib, onun xəstəliyini aşkarlamaq istəyirik. Bir də profilaktik aparılan müayinələr var. Bunlarda məqsəd həyati təhlükəli xəstəliklərin erkən aşkarlanmasıdır. Erkən aşkarlanmasının ikitərəfli faydası var. Bəzi xəstəliklər, xüsusilə də həyati təhlükəli xəstəliklər erkən vaxtlarda aşkarlanarsa, onlara yardım etmək asan olur. Xəstənin həyatını xilas etmək üçün bunlar çox gərəkli ola bilir.   İkinci maraq sığorta şirkətlərində olur. Çünki sığorta şirkətləri hesablayırlar ki, pasiyentlərin gecikmiş müayinələri şirkəti elə fəsadlarla üz-üzə qoyur ki, onlar daha böyük xərclər çəkməli olurlar. Ona görə də erkən "skrining" testlər, xüsusən müalicəsi çətin olan xəstəliklərin erkən müayinə olunmaları vacibdir. O ki qaldı əsassız müayinələrə, bunlar həyata keçirilə bilər. Həkimin yanaşmasından, bəzən bu vicdan məsələsidir, bəzən həkimin bilgisizliyi ilə bağlı olan məsələdir. Amma ümumən, təkrar qeyd edirəm ki, müayinələrin geniş şəkildə aparılmasının pasiyent üçün ancaq faydası var. Təbii ki, sığorta ödəmələri olduqda bu, pasiyent üçün də uyğun olur. Bu gün artıq dünyada yeni tendensiya başlayıb. Bir sıra müayinələri verərkən xəstənin genetik araşdırılmasına ehtiyac olur. Araşdırmalar tək  genetik müayinə ilə yekunlaşmır, biopsixososial yanaşma ortaya qoyulur. Bu, təkcə xəstənin genetikasını araşdırmaq məqsədi güdmür. Onlara əsasən həm də hədəfli terapiya aparmaq üçün bu  müayinənin əlimizdə olması vacibdir. Bununla yanaşı, pasiyentin psixoloji statusunu müəyyənləşdirməliyik. Bu da ayrı bir müayinə sayılır. Eyni zamanda xəstənin iş şəraitini, ailəsini, ev şəraitini nəzərə almalıyıq. Bəzən diaqnozun qoyulması və müalicənin aparılması heç də asan olmur, bildiyiniz bəsit müayinələrə söykənmir. Buna kompleks yanaşmaq lazımdır".

E-saglam.az