Uşaqlar dünyanı oyun vasitəsilə dərk edir və duyğularını da bu yolla ifadə edirlər. Lakin bəzən günahsız görünən bəzi oyunlar əslində problemin əlaməti ola bilər.
E-saglam.az xəbər verir ki, mütəxəssislər xəbərdarlıq edir ki, valideynlərin "sadəcə oynayır" deyərək laqeyd yanaşdığı bəzi davranışlar uşağın inkişafı ilə bağlı mühüm siqnallar verə bilər.
Oyun – sadəcə əyləncə deyil, bir mesajdır
Uşaq psixologiyası üzrə mütəxəssislər bildirir ki, bəzi davranışlar sadəcə oyun deyil, uşağın kömək istəməsinin və ya ehtiyaclarının ifadəsi ola bilər. Valideynlər üçün adi görünən hərəkətlər bəzən emosional, zehni və ya fiziki ehtiyacların göstəricisi ola bilər. Uşaq inkişafı üzrə ekspertlər xüsusilə aşağıdakı altı davranışa diqqət yetirməyi tövsiyə edir:
1. Daimi qaçmaq və atılmaq
Enerjili bir uşağın ətrafda qaçması normaldır. Lakin bu hal davamlı olarsa və uşaq sakit dura bilmirsə, bu, diqqət çatışmazlığı və hiperaktivlik pozğunluğu (DEHB) və ya duyğusal tənzimləmə problemlərinin əlaməti ola bilər. Belə uşaqlar bədənlərini sakitləşdirmək üçün hərəkətə ehtiyac duyurlar.
2. Əşyaları çeşidləmək və ya dönə-dönə fırlatmaq
Uşağınız oyuncaqları düzür, maşınları yalnız təkərlərindən izləyirsə, bu davranış autizm spektri pozuntusunun erkən əlaməti ola bilər. Təkrarlanan davranışlar diqqətlə izlənməlidir.
3. Sərt səslərə qarşı həssaslıq
Bəzi uşaqlar mahnılardan zövq alsalar da, tozsoran və ya saçqurutma cihazı kimi səslərdən qorxurlar. Bu cür həssaslıq sensor emal fərqliliklərini göstərə bilər.
4. Tək oynamağa üstünlük vermək
Oyun zamanı uşaqlar sosial bacarıqlar qazanır. Əgər uşağınız davamlı şəkildə tək oynamağı seçirsə və digər uşaqlara maraq göstərmirsə, bu, sosial inkişafla bağlı çətinliklərə işarə edə bilər.
5. Oyuna həddindən artıq nəzarət etmək
Əgər uşaq daim oyunun qaydalarını özü müəyyən edir və digər uşaqlara rol vermirsə, bu, narahatlıq pozuntusu və ya özünə inam problemi ilə əlaqəli ola bilər. Oyun uşaqlar üçün nəzarət hissini yaşadıqları bir mühitdir. Həddindən artıq nəzarət ehtiyacı isə uşağın real həyatda özünü güvəndə hiss etmədiyini göstərə bilər.
6. Özünə zərər verən davranışlar
Başını divara vurmaq, saç yolmaq, özünü dişləmək kimi davranışlar heç vaxt gözardı edilməməlidir. Bu cür hallar uşağın emosiyalarını sözlə ifadə edə bilmədiyi zaman yaşadığı stresin əlaməti ola bilər və mütləq peşəkar müdaxilə tələb edir.
Valideynlərə tövsiyə: davranışı müşahidə edin, etiketləməyin
Mütəxəssislər valideynlərə tövsiyə edir ki, “normaldır, keçər” yanaşmasındansa, uşağın davranışlarını anlayışla izləsinlər. Oyun uşaqlar üçün sadəcə əyləncə vasitəsi deyil, həm də daxili dünyalarının aynasıdır. Əgər uşağınız sizə davranışları ilə mesaj göndərirsə, bu siqnalları vaxtında görmək gələcək inkişafı üçün həlledici ola bilər.
Tərcümə: Könül Oruc