
Qoz-fındıq sağlam həyatın ayrılmaz parçasıdır. Süfrələrdə tez-tez püstə, fındıq və badam kimi qidalar yer alsa da, mütəxəssislər onların arasında xüsusilə birini önə çıxarır - qoz.

E-saglam.az xəbər verir ki, aparılan araşdırmalar göstərir ki, qoz həm ürək, həm də beyin sağlamlığı baxımından ən güclü təsirə malik qoz-fındıqdır.
Ürək sağlamlığının qoruyucusu
Amerika Ürək Assosiasiyası və Harvard T.H. Chan School of Public Health-in məlumatlarına görə, qoz omeqa-3 yağ turşuları, antioksidantlar və polifenollar baxımından zənginliyi ilə seçilir. Xüsusilə alfa-linolenik turşusu (ALA) adlanan bitki mənşəli omeqa-3 yağ turşusu qozda olduqca yüksəkdir. Harvard Universitetinin apardığı araşdırma, qozun müntəzəm istehlakının ürək-damar xəstəlikləri riskini 15 faiz azaltdığını və ömrü uzatdığını göstərir.
Beyin funksiyalarına dəstək
Qoz yalnız fiziki deyil, ruhi sağlamlıq üçün də faydalıdır. Tərkibindəki E vitamini, melatonin və polifenollar beyin funksiyalarını dəstəkləyir, yaddaşı gücləndirir və yaşla bağlı zehni zəifləməni yavaşlada bilər. Araşdırmalar göstərir ki, qoz gündəlik istehlak edildikdə bilişsel funksiyaların qorunmasına kömək edir.
Niyə məhz qoz?
Fındıq E vitamini, badam isə kalsiumla zəngin olsa da, qoz çoxlu doymamış yağlar və antiinflamatuar təsiri ilə ürək üçün daha güclü müdafiə rolunu oynayır. Qoz xolesterol səviyyəsinin tənzimlənməsində, iltihabın azalmasında və şəkər xəstələri üçün təhlükəsiz qida seçimi olaraq da önə çıxır.
Qısacası, qoz sadəcə bir qəlyanaltı deyil, həm də uzunömürlülük, sağlam ürək və güclü beyin üçün gündəlik həyatımıza daxil etməli olduğumuz təbii bir nemətdir.
Tərcümə: Könül Oruc