Təbiət qoynunda gəzintinin sağlamlığınız üçün inanılmaz faydaları olduğunu
Təbiət qoynunda gəzintinin sağlamlığınız üçün inanılmaz faydaları olduğunu

O zaman yaxın əyləşin. Sizə Tanrının bizə bəxş etdiyi nemətin içərisində gizlənən və bizə faydası olan nemətlərdan danışacağıq.

İnsan resursları üzrə mütəxəssis Vasif Ağayev E-saglam.az üçün yazır... 

Təbiətin qoynuna səyahətə çıxmaq, onun qoynunda sahillər dalğaların altında itib-batdığı kimi itib-batmaq və yox olmaq əvəzinə var olmaq... Sakitliyi özündə tərənnüm edən cığırla asta-asta addımlayarkən qəfil yaşıllıqların arasından məsum baxışları ilə sənə boylanan çiçəkləri görəndə əslində həyatın özünün də rəngli çalarlarla büsbütün olduğunu anlayır insan. Qurbanolduğum elə yaratmışdır ki, hər fəsildə eyni yer ayrı gözəllik ilə oxşayır adamın qəlbini. Lap elə bil qış fəslində əncir mürəbbəsi ilə yağı çörəyin üzərinə yaxıb yeyərsən, bax elə şirinliklə adamın ruhuna həzz verir bu gözəlliklər. Hələ mən yağış yağarkən damlaların yarpaqlara eşqlə toxunub şövqlə ətrafa sıçramaqlarını demirəm... Sonra yer sanki rəhmə gəlir, atdığın hər addımın altında onun yumşaldığını hiss edirsən.

Və gözlərini yumub bu təbiətin havasını var gücünlə çəkirsən köksünə...

Ruhun sərinlənir...

Hələ mən qürubun ecazkar parıltısını şövqlə hiss etməyi demirəm.

İndi isə keçək təbiət qoynunda gəzintinin faydalarına:

Fiziki hazırlıq

Təbiət qoynunda gəzinti fiziki hazırlığın  ən yaxşı yollarından biridir. Özünüzü hansı növ cığırda tapmağınızdan asılı olmayaraq, istər eniş olsun, istər yoxuş, gəzinti bütün bədən üçün əla məşqdir. Belə ki, daha güclü əzələlərin və sümüklərin qurulması, balans hissini yaxşılaşdırmaq, ürək sağlamlığınızın yaxşılaşdırılması, bəzi tənəffüs problemləri riskini azaltmaq üçün istər dik yoxuşu dırmaşarkən, istərsə də dolama torpaq yolda gəzərkən sizin üçün mükəmməl fürsətdir.

Ruhi Sağlamlıq

Təbiətdə olmaq əhvalınızı yüksəldə bilər və psixi sağlamlığınızı yaxşılaşdıra bilər. Stenford Universitetinin tədqiqatçıları tərəfindən aparılan araşdırmaya görə, açıq havada keyfiyyətli vaxt keçirmək stressi azaldır, narahatlığı sakitləşdirir və depressiya riskini azaldır. Psixi sağlamlıq faydalarına əlavə olaraq, açıq havada olmaq hisslərinizi ətrafınıza açır və duyğu qavrayışınızı yaxşılaşdırır. Təbiəti görmək, hiss etmək, anlamaq və duymağın o qədər faydaları var ki, bu bir təbibin sizə verəcəyi ən yaxşı müalicə üsulu ola bilər.

Texnologiyadan ayrılmaq

Telefonlarsız yaşamağı narahat hiss etdiyimiz bir dövrdə, ecazkar təbiət çox ehmalca insanı texnologiyadan ayırır. Bir haldaki aslılıq yaranıbsa, belə olan halda bunlardan ayrı cığırla aram-aram yol getməkdən gözəl nə ola bilər axı.

Özünə inam

Gəzinti özünə inam hissini artırır. Necə ki çətin hədəflər qarşıya qoyub bu hədəfə çatanda insan sanki özünü xoş təəssüratlar zəmnində daha fərqli baxışdan tanıyır və bu insana qəribə və xoş hiss bəxş edir, xüsusən enişdə və yoxuşda yürüyərkən lazım olan nöqtəyə çatanda insan bu hissin lap təbiisini yaşayır. Çətin şeylər etdiyiniz zaman, onları edərkən yaxşı hiss etməyə bilərsiniz, amma sonra özünüzü nə qədər yaxşı hiss edirsiniz? Özünüzə meydan oxuduğunuz zaman, bu nailiyyət hissi özünə hörmətin artmasına səbəb ola bilər. Beləliklə, cığırda bir gündən sonra necə hiss edəcəyinizi təsəvvür edin. Gəzinti sizi daha güclü, daha bacarıqlı, müstəqil və dünyanın sizə atdığı hər şeyi qəbul etməyə hazır hiss etməyə səbəb ola bilir.

Dərin yuxu

Yuxusuzluğun səbəblərindən ən başlıcası stressdir. Müxtəlif səbəblərdən stresə məruz qaldıqda yuxu rejiminin rahatlığı zədələnir. Təbiət gəzintiləri bədənimizi müəyyən bir ritmə salır və qan axınımızın normal səviyyəyə çatmasına imkan verir. Beləliklə  vücudumuzun təbii ritmini bərpa etməyə və rahat bir gecə yuxusuna sahib olmağa kömək edir.

Sağlam ürək və düz qamət

Təbiət gəzintisinin fiziki sağlamlığa təsirlərindən biri də ürək sağlamlığına olan əvəzsiz töhfəsidir. Xüsusilə təpələri əhatə edən göz oxşayan yollar ürəyi daha çox işlətməklə onu gücləndirir. Dağlıq yolda gövdə əzələləri tarazlığı qorumaq üçün daim işləyir və   müntəzəm olaraq yürüyüş edən insanların qan dövranı artır, stressi azalır və bu ürək-damar xəstəlikləri riskini aradan qaldırmağa kömək edir. Eyni zamanda gəzinti zamanı işləyən əzələlərin inkişafı bədən duruşunun düzgün və dik olmasına kömək edir. Gəzinti qarın və gövdə əzələlərini daha çox işlədir, hansı ki, öz növbəsində bu əzələ qrupu sağlam qaməti bəxş edir.

Daha xoşbəxt hiss etmək və daha enerjili olmaq

Təbitdə gəzinti bədəndəki bütün xoşbəxtlik hormonlarını ativləşdirir. Gündəlik həyatın sıxıntılarından qısa müddətə də olsa uzaqlaşıb fərqli bir mühitə getmək insanlara rahatlıq verir və iş həyatı üçün enerji toplamağa imkan yaradır. Bədənin təbii həzz hormonu olan endorfinlərin ifrazını artırır. Beynin daha yaxşı işləməsinə səbəb olur. Məlumdur ki, təbiətdə gəzintilər yaddaşın və öyrənmə qabiliyyətinin inkişafına kömək edir. Əslində bu səbəbdən Avropa və Amerikada uşaq bağçaları daha çox meşələrin ətrafında qurulur. Araşdırmalar göstərir ki, təbiətdə vaxt keçirən uşaqların zehni qabiliyyətləri şəhər uşaqlarından daha yaxşı inkişaf edir. Çöldə vaxt keçirmək işə qayıtdıqda diqqəti və yaradıcı problem həlletmə bacarıqlarını artırır. Beyinə oksigen qəbulunu artıraraq, zehni kəskinliyi və yaradıcı düşünmə potensialını artırır.

Təbiəti sevək. O ki Tanrının bizə ərməğanıdır...

E-saglam.az