"Qonartroz (diz oynağının yeyilməsi) müalicə olunmayan xəstəliklər sırasına daxildir" - Həkim danışır
"Qonartroz (diz oynağının yeyilməsi) müalicə olunmayan xəstəliklər sırasına daxildir" - Həkim danışır

Qonartroz diz oynağının degenerativ-distrofik xəstəliyi olub qığırdaq toxumasının proqressiv dağılması, oynaq deformasiyası və onun funksiyasının pozulması ilə xarakterizə olunur.

Bu sözləri  E-saglam.az-a açıqlamasında həkim-fitoterapevt, Avropa İnteqrativ Tibb Cəmiyyətinin üzvü, dərman bitkiləri və arı məhsulları üzrə İstanbul Medipol Universitetinin tədqiqatçısı Dr. Elnur Eldaroğlu deyib.

Onun sözlərinə görə, qonartrozdan daha çox yaşlı insanlar, xüsusən də qadınlar əziyyət çəkir:"Patogenezinə görə qonartrozun iki növü ayırd edilir: birincili və ya idiopatik (naməlum səbəbli), əsasən yaşlı insanlarda rast gəlinir, ikitərəfli olur. İkincili qonartroz isə diz oynağının travması, inkişaf qüsuru, infeksion və sistem zədələnməsi nəticəsində yaranır, adətən birtərəfli olur, istənilən yaşda rast gəlir".


Xəstəliyin diaqnostikası rentgenoloji müayinə vasitəsilə aparılır 

Qonartroz müalicə olunmayan xəstəliklər sırasına daxildir, lakin bu o demək deyil ki, onu müalicə etmək lazım deyil. Xəstəliyin müalicəsinə nə qədər erkən başlanarsa, sağalma effekti bir o qədər yüksək ola bilər. Burada müalicə kompleks olmalıdır. Müalicə pasiyentdən bütünlükdə həyat tərzini dəyişməyi tələb edir. Zərərli vərdişlərdən imtina edilməli, qidalanma rejimi və tərzi dəyişdirilməli və s. Müalicə konservativ, fizioterapevtik, ortopedik və cərrahi ola bilər.

Qonartrozun müalicəsində cərrahi metod hansı halda seçilir? 

Qonartrozun müalicəsində cərrahi metod o zaman seçilir ki, digər müalicə üsulları uzun illərdir heç bir nəticə vermir. Ancaq cərrahi müdaxiləyə bəzən əks göstərişlər də olur, yaşla əlaqədar orqanizm gücünün yetərli olmaması, sağlamlıq durumunun aşağı olması və s. səbəblər ola bilər. Buna görə də konservativ müalicə ilə davam etməyə üstünlük verilir, lakin bununla yanaşı müalicəyə yanaşma metodikası daima dəyişdirilir, fitoterapiya, xalq təbabəti əlavə edilir. Bu o demək deyil ki, xəstəlik cərrahi müalicə səviyyəsinə gələnə qədər gözlənilir və bundan sonra digər metodlar tətbiq edilir, xeyr, xəstəliyin müalicəsi erkəndən nə qədər rəngarəng, kompleks olarsa, sağalmada bir o qədər irəliləyiş əldə etmək olur.

Xalq təbabətində dərman bitkilərindən hazırlanmış cövhərlər, yerli müalicə məqsədilə müxtəlif kompreslər tətbiq edilir. Xalq təbabəti biliciləri bu üsulları xəstəliyin kəskinləşən vaxtında – yaz və payız aylarında etməyi məsləhət görür.

Reseptlər

• Qara lobyanın yerüstü ot hissəsi onun çiçəkləməsi periodunda toplanır. Bitkidən bir qədər götürülüb üzərinə qaynar su əlavə edilir, 6 saat müddətinə dəmdə saxlanır. Bundan sonra süzülüb gün ərzində 1 ay müddətinə çay əvəzinə içilir. 30 gündən sonra müalicə davam etdirilə bilər.

• 100 qr sarımsaq, 3 ədəd orta ölçülü limon, 250 qr gicitkən və ya kərəviz ət maşınından keçirilir. Bundan sonra üzərinə 3 litr qaynar su əlavə edilib 12 saat müddətinə isti yerdə dəmə qoyulur. Hazır dəmləmə gündə 1 dəfə 70 qr olmaqla daxilə qəbul edilir. Tədricən gün ərzində olan qəbulun sayını 3 dəfəyə qədər artırmaq lazımdır. Bir müalicə kursunda 9 litr dəmləmə istifadə edilməlidir.

• Diz oynağı və onun ətrafı təmiz bal ilə kompres edilir. Bundan əlavə 3 xörək qaşığı alma sirkəsi və 1 xörək qaşığı təmiz bal qarışdırılıb diz oynağına yaxılır. Daha sonra üzərinə kələm yarpağı sarınır. Bunun da üzərindən əvvəlcə polietilen, daha sonra yun material bağlanır.

• Diz oynağı mavi və ya qırmızı gil ilə də kompres edilə bilər. Bunun üçün gil soyuq su ilə qatı kütlə alınana qədər qarışdırılır. Bundan sonra alınmış qarışıq pambıq parçanın üzərinə yaxılaraq diz oynağının üzərinə qoyulur, üstdən yun parça ilə sarınır. Bu kompres 2 saat qalmalıdır. Daha sonra kompres açılır və oynaq isti su ilə yuyulur. Əgər diziniz sizi çoz narahat edirsə, bu proseduru gün ərzində bir neçə dəfə etmək olar.

• Kompres kimi adi kamfora yağından da yararlanmaq olar. Bunun üçün diz oynağı kamfora yağı ilə gecələr masaj edilib üzərindən araqda və ya spirtdə isladılmış yun material ilə sarınır.

• Zəncirotu çiçəklərinin spirtli cövhəri hazırlanaraq ağrılı oynaq bu məhlulla silinir, bundan sonra xəstə oynağa fiziki yüklənmə verilir.

• Güclü oynaq ağrıları zamanı yerarmudu (topinambur) bitkisinin dəmləməsindən istifadə edilir. Bunun üçün 1,5 kq yerarmudunun üzərinə 8 litr qaynar su əlavə edilib dəmlənir. Məhlul bir qədər soyuduqdan sonra diz oynağı ağrı keçənə qədər bununla vanna edilir.

Könül Oruc