Yandex watch
Qəzəblənmək infarkt keçirməyə

Gündəlik həyatda tez-tez eşitdiyimiz “Sakit ol, yoxsa infarkt keçirəcəksən” kimi ifadələr bəzən abartılı görünə bilər. Lakin elmi tədqiqatlar göstərir ki, bu xəbərdarlığın əsassız olmadığını ciddi şəkildə nəzərə almaq lazımdır.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, mütəxəssislər bildirir ki, tez-tez və şiddətli qəzəb təkcə emosional gərginlik deyil, həm də ürək üçün real bir təhlükədir.

Qəzəb zamanı bədəndə nələr baş verir?

Qəzəblənərkən bədən "mübarizə və ya qaç" rejiminə keçir. Ürək döyüntüləri və qan təzyiqi artır, stress hormonları – xüsusilə kortizol və adrenalin – sürətlə ifraz olunur. Bu reaksiya əcdadlarımız üçün həyatda qalmaq baxımından əhəmiyyətli olsa da, müasir dövrdə tez-tez təkrarlanması ürək-damar sağlamlığını ciddi şəkildə təhdid edir.

Elmi tədqiqatlar nə deyir?

2014-cü ildə European Heart Journal: Acute Cardiovascular Care jurnalında dərc edilən araşdırmaya görə, güclü qəzəbdən sonra ilk iki saat ərzində infarkt riski beşqat artır. Harvard Tibb Məktəbinin 2015-ci ildə apardığı araşdırma isə xüsusilə ürək xəstəliyi riski olan şəxslərdə əsəb gərginliyinin infarkt və insult kimi halları tətiklədiyini sübut edib.

Tək qəzəb infarkta səbəb ola bilərmi?

Mütəxəssislər bildirir ki, sağlam insan üçün tək bir qəzəb epizodu infarkta səbəb olmur. Amma hipertoniya, yüksək xolesterol, diabet və ya artıq çəki kimi risk faktorları olan insanlar üçün vəziyyət fərqlidir. Qəzəb bu hallarda ürək-damar sistemindəki zəif nöqtəni hərəkətə keçirə və infarkt üçün "son damla" ola bilər.

Xroniki qəzəb – səssiz təhlükə

Araşdırmalar göstərir ki, yalnız ani qəzəb deyil, xroniki, aşağı səviyyəli qəzəb də təhlükəlidir. Davamlı stress damarların normal şəkildə genişlənməsini çətinləşdirir, bu da endotel funksiyasının pozulması ilə nəticələnir. Psychosomatic Medicine jurnalında yayımlanan tədqiqat isə daimi qəzəbli insanların damarlarında kalsium yığıntılarının daha çox olduğunu ortaya qoyub. Bu, infarkt riskini artıran önəmli bir göstəricidir.

Niyə qəzəb asılılıq yaradır?

Maraqlı məqam odur ki, qəzəb bəzi insanlar üçün qısa müddətlik rahatlıq hissi yarada bilər. Beynin mükafat sisteminin aktivləşməsi nəticəsində dopamin ifraz olunur. Lakin bu, zamanla vərdişə çevrilərək həm psixi, həm də fiziki sağlamlıq üçün dağıdıcı təsir göstərə bilər.

Mütəxəssislər nə tövsiyə edir?

Qəzəbi idarə etməyi öyrənmək, ürək sağlamlığını qorumaq üçün vacib addımdır. Bunun üçün müntəzəm fiziki aktivlik, nəfəs və rahatlama texnikaları, meditasiya və ehtiyac olduqda psixoloji dəstək tövsiyə olunur.

Tərcümə: Könül Oruc

E-saglam.az