Xəstəliklər
Hər bir yaşda müşahidə edilən oynaq ağrılarından necə
Xəstəliklər

Hər bir yaşda müşahidə edilən oynaq ağrılarından necə qorunmalı?

İstər uşaq, yeniyetmə, istərsə də gənc, orta yaşlı və ahıl şəxslərdə oynaq ağrıları müşahidə edilə bilər.

E-saglam.az xəbər verir ki, TƏBİB-in tabeliyində fəaliyyət göstərən Bakı Baş Səhiyyə Mərkəzinin strukturuna daxil olan 39 nömrəli Şəhər Poliklinikasının həkim-terapevti Tənzilə Məmmədovanın sözlərinə görə, hər yaş dövrünün oynaq xəstəlikləri müxtəlif olur:

“Məsələn, uşaqlarda kəskin revmatik qızdırma (revmatizm) nəticəsində oynaq xəstəlikləri meydana gəlir. Yaşlılarda isə bu, ən çox artroz şəklində qığırdaq toxumasının yeyilməsi, zədələnməsi ilə özünü göstərir. Oynaqlarda olan ağrılar həm oynağın özünün bir çox revmatik xəstəlikləri nəticəsində, həm də qeyri-revmatik xəstəliklər nəticəsində yaranır. Revmatik xəstəliklərə kəskin revmatik qızdırma (revmatizm), birləşdirici toxumanın sistem xəstəlikləri (sistem qurdeşənəyi, sistem sklerodermiya, dermatemiozid şeqren xəstəliyi və s.) aiddir. Həmçinin, psoriaz, kron kimi xəstəliklər, habelə QİÇS, sifilis, hepatit viruslar və brusellyoz kimi infeksion xəstəliklər nəticəsində də artritlər, yəni oynaq ağrıları yarana bilər”.

Həkim-terapevt qeyd edir ki, fərqli xəstəliklər səbəbindən oynaqlarda yaranan ağrılar da müxtəlif xarakterli olur:

“Kəskin revmatik qızdırma ən çox uşaqlarda, yeniyetməlik və gənc yaşlarda rast gəlinir ki, bu zaman ən çox iri oynaqlar zədələnir. Bu ağrılar uçucu xarakter daşıyır, yəni gün keçdikcə bir oynaqda yaranan ağrı digər oynağa keçə bilir. Xəstəliyin səbəbi tam müalicə edildikdə heç bir iz buraxmadan oynaqlarda olan ağrı və iltihabi proseslər tam keçib-gedir. Buna görə də, ilk növbədə xəstəliyin əsas səbəbini müalicə etmək lazımdır”.

T.Məmmədova bildirir ki, birləşdirici toxumanın sistem xəstəliklərinin müalicəsi əvvəlcə patogenetik, daha sonra simptomatik aparılmalıdır. Terapevt həmçinin, yaşlı insanlarda daha çox artrozların baş verdiyini əlavə edir:

“Artrozlara 40 yaşdan sonra qadınlarda daha çox rast gəlinir. Bu isə qığırdaq toxumasının zədələnməsi, degenerativ dəyişikliklə müşahidə edilən prosesdir. Bu zaman qığırdaq toxumaları zədələndiyinə görə, oynaqlarda ağrılar, şişkinliklər, xırçıltılar, hərəkət məhdudluğu yaranır.

Revmatoid artritlərə isə müxtəlif yaşlarda rast gəlinir. Bu zaman kiçik oynaqlar zədələnir. Səhərlər buxovlanma hissi olur, sağalma baş vermir. Xəstəlik sonda oynaqların kontrakturası ilə (oynaqların hərəkət məhdudiyyəti) nəticələnə bilər. Bu o deməkdir ki, proses uzun müddət davam etdiyinə görə, sağalma olmur və pasiyent mütəmadi dərman preparatları qəbul edir. Revmatoid artritlərin həm patogenetik, həm də simptomatik müalicəsi mövcuddur”.

T.Məmmədovanın sözlərinə görə, oynaq xəstəliklərinin müalicəsi ilk növbədə patogenetik (xəstəliyin səbəbi), daha sonra fizioterapevtik və dərman preparatları ilə aparılır:

“Oynaq ağrılarının diaqnozu laborator, instrumental, rentgenoloji müayinələrə əsasən qoyulur. Oynaq ağrıları müxtəlif xəstəliklər səbəbindən baş verdiyinə görə, hər biri fərqli müayinə metodu ilə araşdırılmalıdır. Profilaktik məqsədlə kalsium, maqnezium, D vitamini, mikroelementlərlə zəngin qidalardan istifadə etmək lazımdır. Bununla yanaşı, oynaqları zədələnmələrdən, ağır çəkidən qorumaq lazımdır”.

İlkin səhiyyə xidməti göstərən tibb müəssisələrinə zamanında müraciət etməklə xəstəliklərin inkişafının qarşısını vaxtında almaq mümkündür.

E-saglam.az

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun