Azərbaycanda əksər həkimlərin gəlir mənbələrindən biri də əczaçılıq şirkətləri ilə əməkdaşlıqdır. Xəstələrin müalicəsi üçün yazılan dərman vasitələrinin müqabilində şirkətlər həkimlərə ödəniş edirlər. Elə bu səbəbdən də xəstələrə eyni tərkibə və təsirə malik olan iki dərmanın bahalı olanı yazılır və ondan məhz həmin dərmanı almaq tələb olunur.
Çıxış yolu nədir?
Mövzu ilə bağlı KONKRET.az-a danışan həkim, tibb üzrə elmlər doktoru Adil Qeybulla dərman bazarında yaşananları belə şərh edib:
“Hazırda Rusiya, Ukrayna, Belarusiyadan dərman idxalında çoxsaylı çətinliklər yaşayırıq. Yoxa çıxmış bəzi dərman preparatlarının anoloqlarını müxtəlif ölkələrdən idxal etməkdəyik. Azərbaycan məlhəmlərdən başqa demək olar ki, dərman istehsal etmir. Bu səbəbdən də dərman idxalına ehtiyacı olan ölkəyik. Əslində dünyanın hər yerində dərmanlar özəl şirkətlər tərəfindən istehsal edilir. Həmin şirkətlər yüksək səviyyədə kadr, texnoloji imkanlardan istifadə edir. Bu dərmanların keyfiyyət parametrləri də yüksəkdir. Qiymətlər isə ona görə bahadır. Azərbaycan Türkiyə istehsalı olan dərmanlara üstünlük versə, daha yaxşı olar. Bu iki ölkə arasında iqtisadi münasibətlərə də daha yaxşı təsir edər”.
Ekspert əhalinin “firma dərmanları” dedikdə konkret olaraq nəyi nəzərdə tutduğunu anlamadığını bildirib:
“Dünyanın hər yerində dərmanları firmalar istehsal edir. Artıq dövlətin dərman istehsal edəcək zavodları yoxdur, bu zavodlar sosializmdə qaldı. “Firma dərmanları” deyəndə əhalinin nəyi nəzərdə tutduğunu anlamaq çətindir. İnsanlar öyrəşmədiyi yeni adda dərman görəndə bunu təəccüblə qarşılayır. Buna baxmayaraq, həkim və aptek şəbəkələrinin firmalarla münasibətində neqativ hallar qalmaqda davam edir. Əhalini narazı salan da budur”.
Həkimin sözlərinə görə, bu məsələlər qaydaya salınmalıdır:
“Tarif Şurası əvvəl dərman bazarındakı bu tip məsələlərə müdaxilə edirdi. İndi də buna yenə ehtiyac var. Xəstələrin ambulator müalicəsi zamanı qəbul edəcəyi dərmanlar da icbari tibbi sığorta paketinə salınarsa, əhalinin işi xeyli yüngülləşər. Yəqin ki, bu istiqamətdə müəyyən işlər görüləcək, dəyişikliklər ediləcək”.
O, əlavə edib ki, vətəndaşların dərmanların harada və hansı keyfiyyət parametrlərində istehsal olunması barədə məlumatlanması üçün Dövlət Reyesteri olmalıdır.