
İspaniyada aparılan genişmiqyaslı tədqiqat göstərib ki, həftəlik fiziki aktivliyin artırılması Alzheimer xəstəliyinin əsas səbəblərindən sayılan zəhərli zülalların beyində yığılmasını azaldır.

E-saglam.az xəbər verir ki, Barselonadakı Qlobal Sağlamlıq İnstitutu tərəfindən 337 yetkin üzərində aparılan bu dörd illik araşdırma sübut edib ki, həftədə ən azı 2,5 saat idman edən şəxslərin beyinlərində amiloid və tau zülallarının səviyyəsi daha aşağı olur. Bu zülallar isə Alzheimerin yaranmasında əsas rol oynayır.
Ən riskli yaş dövrü: 45-65
Tədqiqatın rəhbəri Dr. Eider Arenaza-Urquijo bildirib ki, xüsusilə 45-65 yaş arasında idman vərdişinin formalaşdırılması xəstəliyə qarşı güclü qoruyucu təsir yaradır. Onun sözlərinə görə, bu nəticələr ictimai səhiyyə siyasətləri üçün yeni istiqamətlərin formalaşmasına səbəb ola bilər.
London Universitet Kollecindən neyroepidemioloq Dr. Sarah-Naomi James bu araşdırmanın oturaq həyat tərzinin beyin sağlamlığına necə zərər verdiyini bir daha göstərdiyini bildirib. Alzheimer Dərnəyindən Dr. Lucy Devendra isə qeyd edib ki, idmanın birbaşa beyin quruluşuna təsiri hələ də tədqiq olunur, lakin onun əhval-ruhiyyə və yuxu keyfiyyəti kimi vacib faktorları yaxşılaşdırdığı dəqiqdir.
Həyat tərzinin rolu böyüyür
Digər elmi tədqiqatlara görə, Alzheimer hadisələrinin təxminən 50 faizi həyat tərzi ilə bağlı faktorlarla əlaqələndirilir. Bunlara yüksək xolesterin, eşitmə itkisi və səs-küy kimi amillər daxildir.
Rəsmi tövsiyələr nə deyir?
Ümumdünya Səhiyyə Təşkilatı və Böyük Britaniyanın NHS qurumları 19-64 yaşlı insanlara aşağıdakı fiziki aktivlik tövsiyələrini verir:
– Həftədə ən az 150 dəqiqə orta intensivlikdə məşq (sürətli gəzinti, velosiped sürmə)
– Həftədə 2 gün güc məşqləri
Alternativ olaraq:
– Həftədə 75 dəqiqə yüksək intensivlikdə məşq (qaçış, tennis və s.)
– Həftədə 2 gün güc məşqləri
Mütəxəssislər eyni zamanda uzun müddət hərəkətsiz qalmağın qarşısını almaq üçün gün ərzində tez-tez ayağa qalxmağı və yüngül fiziki fəaliyyətlərlə fasilələr etməyi məsləhət görürlər.
Tərcümə: Könül Oruc