Baş ağrısı nə zaman beyin şişləri ilə bağlı ola bilər?
Baş ağrısı nə zaman beyin şişləri ilə bağlı ola bilər?

"Baş ağrıları insanlar arasında ən çox rast gəlinən problemlərdən biridir. Bununla bağlı həm nevroloji, həm də neyrocərrahi poliklinikalara bir çox müraciətlər daxil olur".

Bu sözləri E-saglam.az-a açıqlamasında Uzman Dr. Teyyub Həsənov deyib. Onun sözlərinə görə, müxtəlif travmalardan sonra yaranan beyin qanaması, beyin şişləri, hidrosefaliya xəstəliyinin əsas simptomlarından biri də baş ağrılarıdır:

"Əgər pasientin baş ağrılarından başqa, yanaşı əlamətləri də varsa, bu, beyində olan problemin göstəricisi hesab edilir. Əl və ayaqlarda uyuşma, keyimə, gücsüzlüyün əmələ gəlməsi, davamlı olaraq səhər oyanan zaman şiddətli baş ağrıları, ürəkbulanma və qusmanın olması beyindaxili problemin olduğunun göstəricisidir.

Baş ağrıları ilə yanaşı eşitmə və görmədə problemlər olduqda da bu, beyin probleminin olduğuna işarə edir. Ümumiyyətlə, beyində bir problem olduqda bu, özünü lokal əlamətlərlə də büruzə verir.

Beyinin müəyyən yerində törəmələr varsa və o beyini sıxırsa, bu həm başda olan ağrılarla, həm də sıxılan yerin özünə xas olan əlamətlərlə özünü göstərir. Ənsə nahiyəsində olduqda görmə, gicgah nahiyəsində olduqda eşitmə, sağ alın nahiyəsində olduqda bədənin sol tərəfində gücsüzlük və keyimə kimi əlamətlər olur.

Ümumiyyətlə, baş ağrısı olduqda həmişə “beyində şiş var” ifadəsini demək doğru deyil. Buna görə əvvəlcə nevroloq müayinəsinə getmək lazımdır. Araşdırma nəticəsində beyində şübhəli məqam aşkar edilərsə, biz o zaman müdaxilə edirik. Beyin şişlərinin diaqnostikasında əsasən Kompüter Tomoqrafiya (KT) və Maqnit Rezonans Tomoqrafiya (MRT) üsulundan istifadə edilir". 

Könül Oruc