Müsahibə
Pandemiya ilə mübarizədə medianın rolu və fəaliyyət istiqamətləri
Müsahibə
323

Pandemiya ilə mübarizədə medianın rolu və fəaliyyət istiqamətləri

Qorxutmadan informasiya vermək və maarifləndirmək

Pandemiya haqqında kitablarda oxumuşduq, filmlərdə izləmişdik, amma nə vaxtsa bunu yaşayacağımızı heç düşünməmişdik. Ancaq 21-ci əsrdə COVİD-19 adlı böyük bəla bütün dünyanı ağuşuna aldı. Mart ayından etibarən isə ölkəmizdə də yayılmağa başladı. İnsanlarımız çaşqınlıq içində idi. Belə dövrdə düzgün informasiya və maarifləndirmə işinə ehtiyac yaranırdı. Bu cəhətdən mətbuatın üzərinə böyük yük düşürdü. Artıq 9 aydır ki, media bu istiqamətdə gecə-gündüz çalışır. Amma işləmək başqa, işi lazımınca icra etmək ayrı. Maraqlıdır, mətbuatımız bu yükü necə qaldırdı?

“Azvision.az” saytının baş redaktoru Vüsal Məmmədov deyir ki, pandemiya yayılanda insanlarda çoxsaylı suallar yaranmışdı və media ilk olaraq bu suallara cavab tapıb yayımlamalıydı: “Jurnalistin rolu ilk növbədə cəmiyyətdə yaranan sualları düzgün müəyyənləşdirmək və lazım olan yerlərdən cavabları alıb yayımlamaqdır. Əgər  sualı düzgün vermək jurnalistin işidirsə, həmin sualları cavablandırmaq isə rəsmi qurumların, yaxud elmi dairələrin üzərinə düşür. Ona görə məsuliyyəti təkcə jurnalistin üzərinə qoymaq düzgün deyil. Cavabların nə dərəcədə adekvat olması artıq jurnalistin məsuliyyət dairəsinə daxil deyil. Sırf mətbuatın öz üzərinə düşən qismi necə icra etməsinə toxunsaq, hamısını eyni qiymətləndirmək olmaz. Bütün mətbuat işçiləri eyni təcrübəyə, eyni peşəkarlığa malik deyil axı. 60 faizin yaxşı öhdəsindən gəldiyini demək olar”.

Vüsal məmmədovBaş redaktor deyir ki, media indiyə qədər pandemiya görməmişdi və tam hazır deyildi. Ona görə də ilk aylarda bunun təsiri aşkar şəkildə hiss olundu: “Biz lazımsız olan hay-küyə, təşvişə də çox getdik. Xəbərlərdə məntiqi vurğuları hara qoymaq lazım olduğunu çox vaxt tuta bilmədik. İlk dövrlərdə bəzən insanları da çox çaşdırdıq. Amma 3-4 ay keçdikdən sonra media başa düşdü ki, bu məsələyə necə yanaşmaq lazımdır. Nə ilə oynamaq olar, nə ilə zarafat etmək olmaz. Bundan sonra hər şey yolunu aldı. Bu da təcrübəsizliyin problemi idi. Təcrübə ilə hər şey öz yerini tutdu”.

Həssas məqamda xəbərlərin başlığı ilə “oynayanlar” da oldu. V.Məmmədovun sözlərinə görə, nəinki pandemiya dövründə, adi vaxtda da başlıqla oynamaq düzgün deyil: “Hay-küysüz, sakit və təmkinli jurnalistikanın tərəfdarıyam. Bu, sadəcə pandemiya dövrünə aid deyil. İstənilən dövrdə və istənilən mövzuda oxucunu cəlb etmək, öz xəbərini oxutdurmaq üçün relevant olmayan başlıqlardan istifadə etmək qeyri-etikdir. Amma qanunla qadağan olunmayıbsa, kimisə ittiham etmək olmaz. Bu, jurnalistin vicdanı və zövq məsələsidir”.

Media Təhlil Mərkəzi, təhlil departamentinin direktoru Elvin Şirinov bildirdi ki, virusla mübarizədə ən önəmli məsələ insanların məsuliyyətliliyidir və bunun formalaşmasında da medianın önəmi böyükdür: “COVİD-19 çox sürətlə yayılan virusdur. Yoluxmanın qarşısının alınması üçün tibbi maskanın taxılması, sosial məsafənin qorunması və s. kimi tövsiyələr var. Bu tövsiyələrdən əlavə əsas məsələ vətəndaş məsuliyyətidir. Bu məsuliyyətin insanlarda formalaşdırılmasında media vacib rol oynamalıdır. Çünki koronavirusu kimlərinsə oyunu adlandıran, inanmayan qruplar var idi. Amma təəssüf ki, bu, oyun deyil və nə qədər insanın dünyasını dəyişməsinə səbəb olduğuna şahidlik etdik. Yəni, media insanlara bu virusun nə dərəcədə təhlükəli olduğunu izah etməli, bütün dünyanın bu bəlayla mübarizə apardığını açıq göstərməlidir”.

elvin şirinovE.Şirinov deyir ki, belə dövrlərdə dövlətin qəbul etdiyi qərarların mahiyyətini, səbəblərini insanlara doğru şəkildə çatdırmaq da medianın üzərində olan önəmli məsələdir: “Virusla mübarizədə dövlətin qəbul etdiyi qərarlar bəzən insanlarda narahatlıq doğurur. Amma virusla mübarizədə ən böyük yük elə dövlətin üzərinə düşür. Heç bir halda dövlət orqanları öz kefindən məhdudlaşdırıcı tədbirlər tətbiq etmirlər. Çünki zərərçəkən biznesə dəstəyi məhz dövlət göstərir. Səhiyyə sisteminin effektivliyini qoruyub saxlamağa maksimal dərəcədə səy göstərən də dövlət qurumları və aparatıdır. Karantin rejiminin tətbiq olunması əlavə işçi heyətinin, hüquq-mühafizə orqanları əməkdaşlarının cəlb edilməsi deməkdir. Bunun özü artıq məsrəflərə gətirib çıxarır və dövlət büdcəsi üçün artıq yükdür. Karantin dövrünün tətbiqi hansısa dövlətin istəyindən baş verən bir şey deyil. Sadəcə zərurətdən irəli gəlir. Media insanlara bunu izah etməlidir. Çünki ilk gündən əbəs yerə deyilmədi ki, bizim gücümüz birliyimizdədir. Dünya təcrübəsində sübut olunub ki,  belə pandemiyalara qarşı kollektiv mübarizə metodları effektlidir”.

E.Şirinov deyir ki, media maariflənmə cəhətdən üzərinə düşəni edə bildi: “Vətəndaşlar hazırda bütün tövsiyələri, qanunları, verilən qərarları mediadan alırlar. Bu gün görürük ki, vətəndaşlar kütləvi şəkildə maska taxırlar. Əvvəlki dövrlə müqayisədə gündəlik cərimələnən vətəndaşların sayı həddindən artıq azalıb. Deməli, media öz işinin öhdəsindən gəlib və insanlara izah etməyi bacarıb. Bunun üçün həm də bu sahədə xarici media ilə əməkdaşlıq edildi, xarici ekspertlər cəlb olundu. Yəni təkcə yerli deyil, xarici ekspertlərlə müsahibələr, şərhlərə də üstünlük verildi. Xarici ölkələrdə COVID-lə mübarizə aparan azərbaycanlı həkimləri də tapdılar, müsahibələr, şərhlər alınırdı. Bütün bunlar əhalinin maariflənməsi üçün idi. Yəni, media əhalinin maarifləndirilməsi üçün əlindən gələni etmiş oldu. Növbəti mərhələdə də müsbət nəticəni görəcəyik”.

Oxu.az-ın müxbiri Könül Cəfərli pandemiya ilə bağlı xəbərləri işıqlandıran jurnalistlərdəndir. Könül deyir ki, insanları qorxutmadan, təlaş yaratmadan maarifləndirmək istiqamətində fəaliyyət qurmağa çalışıb: “Mətbuatın əsas funksiyası informasiya vermək və cəmiyyəti maarifləndirməkdir. Məlumdur ki, dünya ölkələri ilə müqayisədə Azərbaycanda koronavirusla bağlı yoluxma sayı və itkilər nisbətən azdır. Media nümayəndəsi olaraq bu kimi materialları irəli sürərək cəmiyyətdə müəyyən həssas təbəqəni qorxutmağa deyil, virusla sağlam şəkildə mübarizə aparmağa çağırmağa, insanlar arasında təlaş yaratmadan maariflənmə aparmağa çalışdıq. İnsanları tibbi maska, təmizlik və sosial məsafənin gözlənilməsinə riayət etməyə, özünü və yaxınlarını maksimum qorumağa çağıran formada materiallar hazırladıq. İstirahətsiz işlədik. Maksimum dərəcədə vətəndaşlardan gələn müraciətləri, onları düşündürən sualları cavablandırmağa çalışdıq. Biz müəyyən mənada informasiyanın içindəyik, məlumatlıydıq. Amma bəzi vətəndaşlarımız sosial şəbəkələrdən, xəbər saytlarından o qədər də aktiv istifadə etmirlər. Hər hansı bir dezinformasiya ilə təlaşa düşə bilirlər. Ona görə də çalışdıq ki, düzgün informasiyaları onlara çatdıraq. Hətta bəzən qərarlarda maddələri bənd-bənd izahını verdik”.

könül cəfərliPandemiya yeni yayılan dövrlərdə virusa inanmadığını deyənlərin sayı çox idi. Bu isə, virusun yayılmasını sürətləndirən amillərdəndir. Məhz bunun üçün o, koronaviruslu xəstələrin müalicə aldığı klikinadan reportaj edir: “Düzü, çox riskli idi, amma yenə də çəkilişə getdim. Xəstələrin barəsində məqalələr dərc etmişdim, həkimlərlə həmsöhbət olmuşdum. Belə bir deyim var, yüz eşitməkdənsə, bir dəfə görmək yaxşıdır. Həqiqətən də biz gedib yerində çəkib göstərmək istədik. COVID-19 infeksiyası var və bu virus insanı hansı hala sala bilir. Biz orda həm yaşlı, həm orta yaşlı insanlarla həmsöhbət olduq. Orda da gördük ki, adi bir diqqətsizlik nəticəsində insan həyatı necə məhv ola bilər. İnsanların bir-birinə çağırışı müəyyən qurumların çağırışından daha üstün gəlir. O baxımdan istədim ki, koronavirus xəstələri özləri sağlam insanlara səslənsinlər ki, özünüzü qoruyun və bizim vəziyyətimizə düşməyin”.

Könül Oruc

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun