Son illərdə aparılan araşdırmalar sağlam və uzun ömür üçün süfrələrdən əskik olmaması lazım olan möcüzəvi tərəvəzin kələmin olduğunu göstərir.
E-saglam.az xəbər verir ki, mütəxəssislər bu qidanın yalnız immunitet sistemini gücləndirməklə qalmayıb, həm də ümumi həyat keyfiyyətini artırdığını vurğulayırlar.
“Daha uzun yaşamaq istəyirsənsə, boşqabına kələm əlavə et”, - deyən mütəxəssislər indi bu tərəvəzin faydalarını daha yüksək səslə qeyd edirlər. C vitamini zənginliyi, güclü antioksidant xüsusiyyətləri və həzm sisteminə müsbət təsirləri ilə kələm, hətta onu sevməyənlərin də diqqətini çəkən super qidalardandır. Təkcə ağ kələm yox, qara, bənövşəyi kələm və Brüssel kələmi də sağlamlıq siyahılarında ön sıradadır.
Kələm K, C və B vitaminləri ilə yanaşı dəmir, kalium və kalsium kimi minerallarla da zəngindir. Bu maddələr immunitet sisteminin gücləndirilməsində, sümük sağlamlığının qorunmasında və orqanizmin xəstəliklərə qarşı daha dayanıqlı olmasında mühüm rol oynayır.
Bədənimizi yaşlandıran sərbəst radikallarla mübarizə aparan kələm, antioksidant baxımından çox güclüdür. Bu xüsusiyyəti sayəsində qocalma prosesini gecikdirir, ürək xəstəlikləri və bəzi xərçəng növlərinə qarşı qoruyucu təsir göstərir.
Tərkibindəki yüksək lif sayəsində kələm bağırsaq sağlamlığına kömək edir və toxluq hissi verərək çox yemək ehtiyacını azaldır. Bu xüsusiyyət onu çəkiyə nəzarət və sağlam qidalanma planlarının əvəzsiz hissəsinə çevirir.
Kələm, brokoli, Brüssel kələmi və gül kələm kimi xaçpərəst tərəvəzlər ailəsinə aiddir və tərkibində olan qlükozinolatlar sayəsində xərçəngdən qoruyucu təsir göstərir. Xüsusilə müntəzəm istehlak ediləndə hüceyrə yenilənməsini dəstəkləyir.
Qara dəniz mətbəxində geniş istifadə olunan kələm, lif və antioksidant zənginliyi ilə bədəni möhkəmləndirir. Xüsusilə qış aylarında kələmin immuniteti gücləndirən təsiri önə çıxır.
Bənövşəyi kələm həm rəngi ilə süfrəyə gözəllik qatır, həm də C vitamini ilə zəngindir. Salatlarda həm qida dəyəri, həm də vizual cazibədarlıq təqdim edən bu tərəvəz immunitet sistemini qorumaqda təsirli sayılır.
Kiçik ölçüsünə baxmayaraq Brüssel kələmi tərkibindəki vitamin və minerallarla böyük sağlamlıq mənbəyidir. Xüsusilə qış mövsümündə tövsiyə olunan bu tərəvəz, həzmi asanlaşdıran və detoks təsiri göstərən xüsusiyyətləri ilə diqqət çəkir.
Kələmin faydaları indi elmi araşdırmalarla təsdiqlənir. Mütəxəssislər bildirirlər ki, bu tərəvəzin müntəzəm istifadəsi xəstəliklərin qarşısını almaqla yanaşı, qocalma prosesini də gecikdirir. Hətta onu sevməyənlərin belə bu məlumatla fikirlərini dəyişməsi vaxt məsələsidir.
Boşqabınıza kələm əlavə etmək sadə, amma çox təsirli bir addımdır. Sağlam həyat axtaranlar üçün kələm artıq sadəcə tərəvəz deyil, uzun ömrün yaşıl sirridir.
Tərcümə: Könül Oruc