“Qeyri-sağlam qidalanma uşağın böyüməsinə və bədənin ümumi inkişafına mənfi təsir göstərir”.
Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, uşaq endokrinoloqu Azad Əkbərzadə nazirliyin rəsmi saytına müsahibəsində bildirib.
Qidalanma və idmanın boy uzanmasına təsirindən danışan A.Əkbərzadə deyib: “Bir tərəfdən həddindən artıq şirniyyat yemək qida rasionunda digər zəruri qidaların yerini tutduğu üçün inkişaf problemləri əmələ gətirə bilər. Digər tərəfdən, tərkibində qeyri-sağlam doymuş yağlar olan qidalar (məsələn, “fast food”) uşaqlarda piylənmə kimi xəstəliklərin yaranmasına səbəb olur.
Normadan artıq şəkərin qəbulu, zülal baxımından zəif qidalar, həmçinin vitamin çatışmazlığı uşağın fiziki inkişafına mənfi təsir göstərir.
Bəzi fiziki fəaliyyət növləri uşağın boyuna müsbət təsir edir. Basketbol, voleybol, tennis, badminton kimi idman növləri ilə məşğul olan uşaqların boyu yaşıdlarına görə bir neçə santimetr artıq olur. Amma bu idmanlardan boy uzatma baxımından fantastik nəticə gözləmək düzgün deyil.
Əgər uşağın boyu həmyaşıdlarından geri qalırsa, o zaman pediatr və uşaq endokrinoloqu ilə əlaqə saxlamaq lazımdır. Əks təqdirdə yanlış ümidlər bizi gecikdirə bilər.
Eyni zamanda, professional idmanla məşğul olan uşağın düzgün diyetoloq konsultasiyası alması məsləhətdir. Əks təqdirdə bu şəkildə kontrolsuz professional idman boya mənfi təsir göstərə bilər”.