Anemiya dünyada milyonlarla insana təsir edən və orqanizmdə qırmızı qan hüceyrələrinin azalması ilə bağlı yaranan bir vəziyyətdir. Yorğunluq, halsızlıq və nəfəs darlığı kimi əlamətlərlə özünü göstərir. Çox vaxt göz ardı edilsə də, ciddi sağlamlıq problemlərinə səbəb ola bilər.
E-saglam.az xəbər verir ki, anemiyanın ən çox rast gəlinən əlamətlərindən biri daimi yorğunluq və enerjinin aşağı düşməsidir. Qırmızı qan hüceyrələrinin çatışmazlığı toxumalara kifayət qədər oksigenin daşınmasını çətinləşdirir və bu da insanın daim yorğun hiss etməsinə səbəb olur.
Əgər pilləkən qalxarkən və ya yüngül fiziki fəaliyyət zamanı nəfəsiniz daralırsa və başgicəllənmə hiss edirsinizsə, bu, anemiyanın göstəricisi ola bilər. Çünki qanda oksigenin azalması beyin və əzələlərə kifayət qədər oksigen çatdırılmasına mane olur. Bu isə huşun itirilməsinə qədər gedib çıxa bilər.
Anemiya saç köklərinə yetərincə oksigen çatmamasına səbəb olduğu üçün saç tökülməsi və dərinin solğun görünməsi müşahidə oluna bilər. Bu simptomlarla qarşılaşdıqda qan testi vermək faydalı ola bilər.
Xroniki anemiya qan dövranını zəiflədərək əllərin və ayaqların daim soyuq qalmasına səbəb ola bilər. Əgər mütəmadi olaraq üşüyürsünüzsə və əllərinizdə, ayaqlarınızda uyuşma hiss edirsinizsə, anemiya ehtimalını nəzərdən keçirmək lazımdır.
Qadınlarda anemiya menstrual dövrlərin nizamsızlaşmasına və hətta daha ağır qanaxmalara səbəb ola bilər. Çünki dəmir çatışmazlığı normal qan istehsalını çətinləşdirir və bu da hormonal balanssızlıqlara yol açır.
Anemiyanın əsas səbəbləri arasında dəmir, fol turşusu və B12 vitamini çatışmazlığı yer alır. Balanslı qidalanma, mütəmadi tibbi müayinələr və lazım gəldikdə həkim müdaxiləsi anemiyanı idarə etmək üçün vacibdir. Erkən diaqnoz və düzgün müalicə sağlamlığınızı qorumağa kömək edə bilər.
Tərcümə: Könül Oruc