
Yuxu yalnız bədəni dincəltmək üçün deyil, beynin məlumatı işləməsi və yaddaşı gücləndirməsi üçün də həyati əhəmiyyət daşıyır.

E-saglam.az xəbər verir ki, alimlərin apardığı son araşdırmalar göstərir ki, yuxu zamanı verilən düzgün stimullar – qoxular və səslər – öyrənilən bilginin daha yaxşı xatırlanmasını təmin edə bilər. Bu yanaşma xüsusilə dil öyrənmə və yaddaşın uzunmüddətli saxlanması üçün yeni imkanlar yaradır.
Tübingen Universitetindən Dr. Susanne Diekelmann qeyd edir ki, gün ərzində öyrənilən məlumatlar yuxu zamanı beynin müxtəlif hissələrində işlənir və uzunmüddətli yaddaşa ötürülür. Lakin bu prosesin effektiv olması üçün yuxunun keyfiyyəti önəmlidir. Araşdırmalarda müəyyən edilib ki, gündüz müəyyən bir qoxu ilə öyrənilən məlumatlar gecə eyni qoxunun təqdim edilməsi ilə yaddaşda 23 faiz daha yaxşı saxlanılır. Bu, qoxuların yaddaş mexanizminə təsirini sübut edən əhəmiyyətli göstəricidir.
Səslər də bu prosesdə mühüm rol oynayır. Alimlər bildirir ki, gün ərzində işləyərkən dinlənilən musiqinin yuxu zamanı yenidən eşidilməsi öyrənilmiş məlumatın daha möhkəm yadda qalmasına kömək edir. Araşdırmalar belə musiqi stimullarının yaddaşı 10 faiz artırdığını göstərir. Lakin burada əsas şərt budur: istifadə olunan səslər sakit və yuxunu pozmayacaq səviyyədə olmalıdır.
Yuxunun dil öyrənmə ilə əlaqəsinə gəlincə, sübut olunub ki, yuxu zamanı beyin gün ərzində öyrəndiyi yeni söz və ifadələri emal edir. Bu da yeni dili daha effektiv öyrənməyə və onu yadda saxlamağa şərait yaradır.
Lakin mütəxəssislər bu metodlara ehtiyatla yanaşmağı tövsiyə edir. Dr. Diekelmann bildirir ki, bu stimullaşdırıcı üsullar bəzi hallarda digər idrak funksiyalarını zəiflədə bilər. Xüsusilə uşaqlarda tətbiq edilərkən diqqətli olmaq vacibdir, çünki yuxu onların psixoloji inkişafı üçün son dərəcə həssas bir mərhələdir.
Yekun olaraq, düzgün şəkildə tətbiq edilən qoxu və səs stimulları yuxu zamanı öyrənmə və yaddaşın gücləndirilməsi üçün böyük potensiala malikdir. Amma bu metodlar balanslı və elmi əsaslarla tətbiq edilməlidir.
Tərcümə: Könül Oruc