“Yeniyetmələrdə hamiləlik zamanı fəsadların baş vermə riski arta bilər. Özbaşına düşük, vaxtından əvvəl doğuş və uşağın ölü doğulması ehtimalı yeniyetmə yaşlarında hamilə olan qadınlarda bir qədər yüksəkdir”.
E-saglam.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Səhiyyə siyasəti və planlaşdırma şöbəsinin həkim-metodisti Afət Məmmədova açıqlayıb.
Onun sözlərinə görə, doğuş zamanı da problemlərlə rastlaşmaq ehtimalı var:
“Çünki yeniyetmələrdə çanağın fiziki yetişkənliyi başa çatmadığı üçün obstruktiv doğuş, yəni doğuş sancıları olsa da, dölün irəliləyişi müşahidə edilmir. Ləng doğuş, qanaxma kimi fəsadlara da bu yaşda daha tez-tez rast gəlinə bilər”.
A.Məmmədova bildirib ki, yeniyetmələrdə doğuşdan sonrakı depressiya halları da tez-tez müşahidə olunur:
“Yeniyetmə və erkən yaşlarda hamiləlik zamanı qan təzyiqinin qalxması (hipertoniya), qan azlığı (anemiya) kimi vəziyyətlərin baş vermə ehtimalı yüksəkdir. O cümlədən, hamiləlik zamanı müşahidə olunan preeklampsiya patalogiyasına da yeniyetmə yaşlarında baş verən hamiləlikdə rast gəlmə ehtimalı var. Preeklampsiya - hamiləliyin II trimestrində qan təzyiqinin qalxması və sidiklə zülalın itirilməsi (proteinuriya) ilə müşayiət olunan vəziyyətdir. Bəzən ana və körpənin sağlamlığı və həyatı üçün təhlükə yarada bilər”. (Oxu.Az)