Yeməkdən sonra gəzmək bədəninizi dəstəkləyən və enerjinizi artıran faydalı bir vərdişdir. Bununla belə, bu vərdişdən maksimum faydalanmaq üçün bəzi məqamları nəzərə almaq vacibdir.
E-saglam.az bu vərdişi sağlam və səmərəli şəkildə tətbiq etməyin yollarını təqdim edir:
10-15 dəqiqə istirahət edin
Yeməkdən dərhal sonra gəzməyə başlamaq həzmi çətinləşdirə bilər. Bu səbəbdən, bədəninizə qida qəbulundan sonra qısa bir müddət istirahət etmək imkanı verin. 10-15 dəqiqəlik fasilə mədənizin həzm prosesinə başlamasına imkan yaradır və narahatlıq, şişkinlik və ya kramp riskini azaldır.
Yavaş və sabit gəzinti tempini seçin
Gəzinti zamanı tələsməyin. Həddindən artıq sürətli gəzinti qan axınını mədədən uzaqlaşdıraraq həzmi maneə törədə bilər. Əksinə, yavaş və sabit temp həzm sistemini stimullaşdırır, qan şəkərinin səviyyəsini tənzimləyir və rahatlıq təmin edir. Gəzinti zamanı asanlıqla söhbət edə biləcəyiniz bir temp ideal hesab olunur.
Sadə əl məşqləri ilə fərqləndirin
Yeməkdən sonra gəzməyə müxtəliflik qatmaq üçün zərif əl hərəkətləri edin. Bu, qan dövranını yaxşılaşdırır və yuxarı bədəninizin aktivliyini təmin edir. Məsələn:
- Yumruğunuzu açıb bağlamaq və bunu təkrar etmək.
- Biləkləri hər iki istiqamətdə bir neçə saniyə döndərmək.
- Çiyinlərin hərəkətliliyini artırmaq üçün qolları irəli və geri hərəkət etdirmək. Bu sadə hərəkətlər əllərdə və biləklərdə yaranan gərginliyi aradan qaldırmağa kömək edir.
Dərin nəfəs almağa diqqət edin
Dərin və sakit nəfəs almaq gəzintini daha faydalı edir. Burnunuzdan yavaş-yavaş nəfəs alın, ağzınızdan verin. Bu texnika oksigen axınını artırır, həzmi dəstəkləyir və bədəninizə sakitləşdirici təsir göstərir. Bundan əlavə, ətraf mühitə diqqət yetirin, təbiəti müşahidə edin və gəzinti zamanı stressi azaltmağa çalışın.
Gəzinti vaxtını təyin edin
Yeməkdən sonra gəzmək üçün ən uyğun vaxt 10-30 dəqiqədir. Uzun və ağır gəzintilər əvəzinə qısa və rahat gəzintilər daha təsirli ola bilər. Bu, qan dövranını stimullaşdırır, enerjini artırır və qidanın həzminə kömək edir.
Yeməkdən sonra gəzmək sadə bir vərdiş kimi görünə bilər, lakin onun faydaları böyükdür. Həzmi yaxşılaşdırmaq, qan şəkərini tənzimləmək, enerji səviyyəsini artırmaq və ümumi sağlamlığı dəstəkləmək üçün bu vərdişi gündəlik həyatınıza daxil edin. Bir neçə sadə qaydaya əməl edərək gəzintinizi daha təsirli və sağlamlıq üçün faydalı edə bilərsiniz.
Tərcümə: Könül Oruc