“Xətai Tibb Mərkəzində Oftalmologiya şöbəsi fəaliyyətə başlayacaq”
“Xətai Tibb Mərkəzində Oftalmologiya şöbəsi fəaliyyətə başlayacaq”

“İdarəçi təbiblər” layihəsi davam edir. Müsahibimiz Xətai Tibb Mərkəzinin direktoru Aybəniz Saniyevadır.

- Hər vaxtınız xeyir, Aybəniz xanım. İlk olaraq Xətai Tibb Mərkəzinin tarixi, müəssisənin fəaliyyət istiqamətləri və göstərilən tibbi xidmətlərlə bağlı məlumat almaq istərdik.

- Məmməd Əmin Əfəndiyevin adına Xətai Tibb Mərkəzinin Azərbaycan səhiyyəsində xüsusi yeri var, çünki Azərbaycanda ən qədim tibb müəssisələrindən biridir. Mərkəz 2 nömrəli Kliniki Xəstəxana adı ilə 1893-cü ilin may ayında fəaliyyətə başlayıb. Xəstəxana yeni binasının açılışından etibarən, yəni 1894-cü ilin 12 iyulundan Qara Şəhər Xəstəxanası adı ilə fəaliyyətini davam etdirib.

Akademik M.Topçubaşov, professor M.Ə.Əfəndiyev, professor İ.Topçubaşov uzun illər burada çalışıblar. 50 il ərzində M.Topçubaşov bu müəssisədə yüzlərlə cərrah yetişdirib. Onun rəhbərliyi ilə ilk cərrahiyyə otağı - lektoriya yaradılıb. 1938-ci ildə akademik ilk dəfə efir yağlı narkozdan da burada istifadə edib. M.Ə.Əfəndiyevin də əməyi danılmazdır. Onun fəaliyyəti və rəhbərliyi nəticəsində klinikada yüksək ixtisaslı terapevtlər hazırlanıb. 1935-ci ildə daxili xəstəliklər kafedrasını yaradıb. Həmin kafedrada Azərbaycan Tibb İnstitutunun pediatriya və sanitariya fakültələrinin tələbələri dərs keçiblər. Onun əməyinə verilən yüksək qiymətdir ki, 1989-cu ildən klinika onun adını daşıyır. Bu gün də M.Ə.Əfəndiyev adına Xətai Tibb Mərkəzi adlanır.

Xətai Tibb Mərkəzi M.Ə.Əfəndiyev adına 2 saylı Şəhər Klinik Xəstəxanasının bazası əsasında yaradılıb. Mərkəzin əsas fəaliyyət istiqaməti ilkin səhiyyə xidmətinin gücləndirilməsi və inkişaf etdirilməsidir.

Mərkəzdə Poliklinika, Terapiya, Nevrologiya, Laboratoriya, Cərrahiyyə, Otorinolarinqologiya, Anesteziologiya, Reanimasiya və intensiv terapiya, Təcili və Təxirəsalınmaz Tibbi Yardım, Ginekologiya və Doğum, Şüa-diaqnostika şöbələri, 6 əməliyyat bloku (laporoskopik daxil), fizioterapiya kabineti fəaliyyət göstərir. 

Onu da qeyd edim ki, Xətai Tibb Mərkəzinin Otorinolarinqologiya şöbəsi Bakı şəhəri üzrə 24 saat təcili və təxirəsalınmaz xidmət göstərən yeganə şöbədir. Mərkəzimizdə tibb elmləri doktoru, tibb elmləri üzrə fəlsəfə doktorları, əməkdar həkimlər, müxtəlif ixtisaslar üzrə uzman həkimlər fəaliyyət göstərir.

- İcbari tibbi sığortanın tətbiqi, TƏBİB-in yaranması və yeni səhiyyə idarəetməsi modelinə keçiddən sonra tibb müəssisəsində hansı dəyişikliklər baş verib?

- TƏBİB-in yaradılması və icbari tibbi sığortanın tətbiqi Azərbaycanın səhiyyə sistemində çox böyük müsbət dəyişikliklərə yol açıb. O cümlədən də bizim tibb ocağında. TƏBİB-in tabeliyinə keçəndən sonra müəssisədə əvvəl qarşılaşdığımız  bir çox çətinliklər aradan qaldırılıb. Həmçinin xəstəxananın maddi-texniki bazası daha yüksək standartlara cavab verən səviyyədə yenilənib. Xəstəxanamızın təmir edilməsi, texniki bazasının yenilənməsi icbari tibbi sığortanın, TƏBİB-in vasitəsilə həyata keçirilib. Xətai Tibb Mərkəzində əvvəllər fəaliyyət göstərən Ginekologiya və doğum şöbəsi yenidən bərpa edilb, ən müasir tibbi avadanlıqlarla təchiz olunub.

İndi səhiyyə xidməti artıq insanlara daha əlçatandır. Mərkəzdə 1 aprel 2021-ci il tarixindən etibarən icbari tibbi sığorta sistemi tətbiq olunur. Hər bir Azərbaycan vətəndaşı burada icbari tibbi sığorta ilə Xidmətlər Zərfinə daxil olan bütün tibbi xidmətlərdən ödənişsiz istifadə edə bilər. Bunun üçün sadəcə şəxsiyyət vəsiqəsi ilə mərkəzimizə yaxınlaşması yetərlidir.

Onu da əlavə edim ki, COVID-19-la mübarizədə və 44 günlük Vətən müharibəsi dönəmində Xətai Tibb Mərkəzinin personalı tam gücü ilə fəaliyyət göstərib. Necə ki, müəssisə Vətən müharibəsində hospital kimi çalışıb, həmçinin antiterror əməliyyatı zamanı da həkimlərimizdən səyyar briqadaların tərkibində xidmət edənlər olub. Ay ərzində onlarla Vətən müharibəsi qazisi və veteranı bizim Nevrologiya şöbəsində müalicə alır.

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev respublikamızda səhiyyənin inkişafına daim xüsusi diqqət yetirib, tibb işçilərinə böyük qayğı göstərib. Bizə yüksək dəyər verərək - "Həkimlik peşəsi öz xalqına, sənətinə yüksək sədaqət tələb edən bir işdir. Heç bir peşədə Hippokrat andı kimi and yoxdur. Hippokrat andı içən hər bir həkim o anda sona qədər sadiq qalmalıdır” - deyib. Bu diqqət və qayğı bu gün də Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Onun rəhbərliyi ilə Azərbaycanın səhiyyə sistemində aparılan köklü islahatlar artıq öz bəhrəsini verir.

- Maraqlıdır, gün, həminin ay ərzində neçə vətəndaş tibb müəssisəsinə müraciət edir? Və ümumilikdə onlara nə qədər tibbi xidmət göstərilir?

- Mərkəz ümumilikdə 300 000-ə yaxın əhaliyə xidmət göstərir. Gün ərzində 380-400 nəfər bizə müraciət edir. Bununla da 1 700 - 2 000 arasında tibbi xidmət göstərmiş oluruq. Ay ərzində təxminən 11 000 - 12 000-ə yaxın ambulator müraciət sayı qeydə alınır. Bu da o deməkdir ki, aylıq tibbi xidmət göstəricisi 50 000 - 55 000-ə çatır.

- Bəs vətəndaşların ən çox müraciət etdikləri xidmətlər hansılardır? Sözügedən sahələr üzrə aylıq statistik göstəricilər necədir?

- Vətəndaşların ən çox müraciət etdiyi xidmətlər radioloji, laborator, LOR xidmətləri və cərrahi əməliyyatlardır. Radioloji xidmətlər ay ərzində 7 500 - 8 000 aralığında, laborator xidmətlər 29 000 - 31 000,  LOR 4 000 – 4 500, cərrahi xidmətlər isə 2 000 - 2 500 aralığında dəyişir.

- Maraqlıdır, rəhbərlik etdiyiniz müddətdə müəssisədə əsas hansı yeniliklər baş tutub?

- Mərkəzdə ən əsası 24 saatlıq tibbi xidməti təşkil etmişik. Gecə növbələrində radioloji müayinələr - rentgen, ultrasəs, kompüter tomoqrafiyası, ekspress analizlər, yüksək səviyyədə diaqnostika, ürək xəstələrinin ehtiyac olduğu halda invaziv kardioloqlara yönləndirilməsinə, Təcili tibbi yardım şöbəsinin iş prinsipinin yenidən qurulmasına, profil üzrə ixtisaslaşmış həkimlərin sutkalıq iş prinsipinə nail olduq. Eyni zamanda təcili tibbi yardım xidmətinin 7/24 fəaliyyətinə keçilməsi də yeniliklərimizdən biridir. 

- Bəs gələcək planlarınız nədir? Daha hansı yenilikləri görə bilərik?

- Mərkəzin elektronlaşdırılmasını, onlayn növbə sisteminə keçirilməsini planlaşdırırıq. Müəssisədə beynəlxalq standartlara cavab verən müasir tibbi avadanlıqlarla təchiz olunan Oftalmologiya şöbəsinin açılması nəzərdə tutulub. Planımızda yaxın zamanlarda tibbi xidmətin keyfiyyətinin daha  da artırılması məqsədilə yeni  maqnit rezonans tomoqrafiya (MRT) cihazının alınması da var.

Eyni zamanda Mərkəzdə laporoskopik üsulla uroloji əməliyyatlara başlayacağıq. Bunun üçün artıq müəyyən cihazlarımız var və çatışmazlıqlar da qısa zamanda həllini tapan kimi biz rahatlıqla bu cür əməliyyatları icra edəcəyik. Bundan əlavə, ilkin hemodializ və membranlı plazmaferez prosedurları təşkil etməyi də düşünürük. Bu istiqamətdə də yeniliklərimiz gözləniləndir.

Bilirsiniz, planlarımız çoxdur, hədəflərimiz çoxşaxəlidir. İnanıram ki, çox qısa zamanda bunlar gerçəkləşəcək.

- Aybəniz xanım, bir az da tibdən kənar sual vermək istərdim. Sirr deyil ki, bu gün Azərbaycanda hər bir dövlət qurumunda və ya böyük müəssisələrdə, idarələrdə xanımlara da rəhbərlik etməyi, idarəetməni etibar edirlər.  Bu, ölkəmizdə qadınlara dövlət səviyyəsində göstərilən diqqətin nəticəsidir. Bəs bir xanımın belə bir məsuliyyətli işdə çalışması, sizcə, ağırdır, yoxsa yox, yəni qadınlar belə vəzifələrin öhdəsindən gəlirmi?

- Azərbaycanda qadınlar tarixən dövlət səviyyəsində yüksək vəzifələrdə olublar. Azərbaycan Xalq Cümhuriyyəti 1918-ci ildə qəbul etdiyi İstiqlal Bəyannaməsi ilə Şərqdə ilk dəfə qadına səsvermə imkanı verib. Hətta ABŞ-da qadınlara ilk dəfə 1920-ci ildə, Fransada 1944-cü ildə, İsveçrədə isə yalnız 1971-ci ildə qadınlara səsvermə hüququ verilib. Görün bu baxımdan biz nə qədər irəlidəyik. Bu düzgün siyasət indi də dövlətimiz tərəfindən davam etdirilir. Ən böyük örnəyimiz isə Birinci vitse-prezident  Mehriban xanım Əliyevadır. Həm xanımdır, həm anadır, həm övladdır, həm də ictimai-siyasi xadimdir. Bu qədər missiya zərif çiyinlərə yük deyil, əksinə qürurla daşıdığı məsuliyyətdir.

Mənə də həvalə olunan məsuliyyətli işi, eyni zamanda ana, qadın missiyasını ləyaqətlə daşımağa çalışıram. Məqsədimiz odur ki, hər birimiz öz sahəmizdə dövlətimizin, ölkəmizin, xalqın tərəqqisi naminə əlimizdən gələni edək. Bunun üçün xanım və ya bəy fərqi olmamalıdır, əsas odur ki, ləyaqətli, öz dövlətçiliyinə, xalqına sadiq vətəndaş olasan. O zaman çətin olmur.

Hicranə İsmayılova

E-saglam.az