
Kimyaterapiyadan sonra çaşqınlıq, ürək döyüntüsü, sinir zədələnməsi və digər narahatlıqlar yaşayan milyonlarla insan üçün ümidverici bir çıxış yolu var: İdman.

E-saglam.az xəbər verir ki, Çin Tibb Universitetinin Shengjing Xəstəxanasının rəhbərliyi ilə aparılan genişmiqyaslı araşdırma bu sadə vərdişin xərçəng müalicəsində necə böyük rol oynaya biləcəyini ortaya qoyub.
2012-2024-cü illər arasında aparılan 80 elmi məqalənin və 485 tapıntının təhlilinə əsasən, aerobik məşqlər, müqavimət və yüksək intensivlikli interval məşqləri, yoqa və tai chi kimi fəaliyyətlər müalicə zamanı yaranan ürək və sinir zədələnmələrini, beyin dumanı və nəfəs darlığı kimi yan təsirləri əhəmiyyətli dərəcədə azaldır.
Mütəxəssislər qeyd edir ki, idman yalnız fiziki faydalarla məhdudlaşmır. Psixoloji təsirlər də diqqətəlayiqdir: daha yaxşı yuxu, bədən funksiyalarında inkişaf, sosial əlaqələrin güclənməsi və ümumi həyat keyfiyyətində nəzərəçarpacaq yüksəliş müşahidə olunur.
Əməliyyatdan əvvəl edilən müntəzəm idmanın isə əməliyyat sonrası ağırlaşmaları, ağrını, xəstəxanada qalma müddətini və ölüm riskini azaltdığı elmi şəkildə sübut olunub.
Tədqiqatçılar bu nəticələrin, idmanın xərçəng müalicəsi protokollarına daxil edilməsinin nə qədər vacib və effektiv olduğunu bir daha göstərdiyini vurğulayır. Orta və yüksək etibarlılıqla təsdiqlənmiş məlumatlara əsasən, məşq həm bədən quruluşunu, həm də bioloji göstəriciləri yaxşılaşdıraraq xəstələrin həyatına müsbət təsir göstərir.
Tərcümə: Könül Oruc