Endokrinologiya və metabolik xəstəliklər mütəxəssisi Prof. Dr. Alper Sönməz dislipidemiyanın ürək-damar sağlamlığına ciddi təsir etdiyini və erkən diaqnozun vacib olduğunu vurğulayır. Qandakı piy səviyyəsinin düzgün idarə edilməsi piylənmə və diabet qədər təhlükəli olan bu xəstəliyin qarşısını ala bilər.
E-saglam.az xəbər verir ki, Prof. Dr. Sönməz bildirir ki, qeyri-sağlam qidalanma və oturaq həyat tərzi dislipidemiyanın əsas səbəblərindəndir. Lipoproteinlərin qaraciyər və toxumalardan kifayət qədər təmizlənməməsi genetik faktorlarla bağlı ola bilər. Xolesterin səviyyəsinin yüksək olması bəzi ailələrdə erkən yaşda ürək-damar xəstəliklərinin və ölümlərin səbəbidir.
Doymuş və trans yağlarla zəngin qidaların həddindən artıq istehlakı, bitki liflərinin azlığı qan lipidlərinin artmasına gətirib çıxarır. Az hərəkətlilik lipid mübadiləsini pozur, piylənmə, 2-ci tip diabet, hipotiroidizm və böyrək xəstəlikləri isə dislipidemiyanı daha da gücləndirir.
Dislipidemiya damar sərtliyinə (ateroskleroz) səbəb olaraq ürək, beyin və ayaq damarlarında tıxanmalar yaradır. Statistikalar göstərir ki, dislipidemiya ateroskleroz və əlaqəli xəstəlikləri 30-35% artırır.
Siqaret, hipertoniya və diabet kimi digər risk faktorları mövcud olduqda, infarkt və insult riski daha da yüksəlir. Bundan əlavə, yaddaş pozğunluğu, konsentrasiya problemləri və Alzheimer xəstəliyinin inkişaf ehtimalı artır.
Sönməz vurğulayır ki, sağlam qidalanma və fiziki aktivlik dislipidemiyanın qarşısının alınmasında əsas addımlardır. Türkiyə genetik dislipidemiyanın ən çox rast gəlindiyi ölkələrdən biridir və hər 20 yaşlıdan birində müalicəyə ehtiyac olan yüksək xolesterin səviyyəsi var.
Dislipidemiya erkən aşkarlanarsa, müalicəsi daha asandır. Buna görə də, hər kəs ən azı bir dəfə lipid profilini yoxlatdırmalı və nəticələri həkimi ilə müzakirə etməlidir. Xəstəliklərin ən yaxşı müalicəsi onların qarşısının alınmasıdır!
Tərcümə: Könül Oruc