
Məlhəm Beynəlxalq Hospitalının Uşaq cərrahı, Uzm. Dr. Anar Qurbanov valideynləri dərindən düşündürən, onların narahatlığına səbəb olan çox vacib məqamlara toxunub – həm işinin peşəkarı olan bir həkim, həm də övladı olan bir ata olaraq... Əminik ki bu məqalədə bir çox sual və narahatlıqlarınıza cavab tapacaqsınız...

E-saglam.az sözügedən məqaləni təqdim edir.
"Valideynlərin çoxu üçün çətin olan, lakin lazım olanda icra etməli olduğumuz bir məsələ haqqında yazmaq istəyirəm. Uşağım əməliyyat olunacaq. Uşağımızı əməliyyat otağının qapısında tibb işçilərinə təhvil verdikdən sonra nə baş verir?
Bu yazının yazılmasının ən əsas səbəbi ailələrə uşaqlarının təcili və ya planlı bir şəkildə əməliyyat olması lazım olduğunu bildirdiyimdə gözlərində gördüyüm o narahatlıq və çaşqınlıq hissi, "Görəsən necə olacaq, görəsən uşağıma bir şey olmaz ki?" - suallarıdır. Bəzən bu suallar bir başa səsli şəkildə tərəfimə ünvanlasa da, bəzən bunu ana-ataların, nənə-babaların üzlərindən, gözlərindən oxumaq çox da çətin olmur. Kim olsa bu hissləri yaşayar. İstər uşaqları vaxtından əvvəl doğulmuş aşağı doğum çəkili premetür körpə olsun, istərsə də boy və çəkiləri ana - atalarını keçmiş, türklər demiş Səlvi boylu gənclər olsun. Hələ övladın ana-ata gözündə 40 yaşında belə uşaq olmasını demirəm...
Mən uşaq cərrahı olmaqla yanaşı, həm də bir atayam və məktəb yaşında bir övladım var. Mənim uşağım da vaxtı ikən əməliyyat olunduğu üçün ailələrin yaşadıqlarını, onların nə hiss etdiklərini çox yaxşı anlayıram, çünki zamanında eyni hissləri yaşamışam. Uşağımı əməliyyat edəcək cərraha inanaraq həvalə etdim və xəstəxanadakı hər kəs narahatlığımızın mümkün qədər az olmağı üçün əllərindən gələni etdi.
Əvvəla, əgər həkimə müraciət edirsinizsə və o sizə əməliyyata ehtiyacınız olduğunu deyirsə, bu o deməkdir ki, ya tibbi (dərman) müalicə artıq kifayət etmir, cərrahiyə cəhd edilməlidir, ya da elə bir xəstəlik var ki, yeganə çıxış yolu cərrahiyyədir. Ağlınıza dərhal qorxulu bir tablo gəlməsin. Bəzən xatırlamayacağı yarım saatlıq kiçik bir əməliyyat uşağınızı sonradan düzəldilməsi uzun zaman və böyük maliyyə tələb edən ağırlaşmalardan qoruya bilər. Əslində heç bir cərrah dərhal əməliyyat etməyi düşünmür, əməliyyat son çarə hesab olunur və ya bəzən tək çarə. Bu qərarı verdikdən sonra cərrah mütləq xəstəni anestezioloqa yönləndirir. Çünki cərrahın özü tək başına sadəcə xəstəni əməliyyat etmək səlahiyyətinə malikdir. Anestezioloq isə xəstəni uyğun şəkildə ağrısızlaşdırmaqla onu təhlükəsiz şəraitdə yatırtmaq və sağlam şəkildə oyatmaq kimi çox məsuliyyətli bir vəzifəni üzərinə götürür. Cərrahiyyə tək bir nəfərin işi deyil, əksinə, komanda işidir. Bu komandaya cərrah, bəzən ən az birinci cərrah qədər təcrübəli ikinci, üçüncü cərrah, cərrahi tibb bacısı/bacıları, anestezioloq, anesteziya texniki və köməkçi tibb işçiləri daxildir. Həmçinin əməliyyat öncəsi hazırlıqları və əməliyyat sonrası müalicə, təqib və baxımı əksizsiz icra edən stasionar tibb bacısı da digərləri kimi bu komandanın dəyərli üzvüdür.
Bəs, uşağımız əməliyyatxanaya gedəndə nə yaşayır? Onu nə gözləyir? Əvvəla, əməliyyat otağına daxil olduqdan dərhal sonra cərrahi əməliyyat başlamır. Əməliyyatxana qapısına qədər valideyinləri ilə gələn uşağı əməliyyatxana və anesteziya qrupu qarşılayır. Uşağın yaşı və sakitliyi imkan verirsə, uşaq yatmazdan əvvəl onunla ünsiyyət qurmaq, söhbət etmək, narahatlığını və qorxusunu aradan qaldırmaq üçün hazırlıq görülür. Bəzi hallarda uşaq çox narahatdırsa, valideyinlərindən ayrılma qorxusu yaşayırsa, elə valideyinlərinin yanında, əvvəlcədən stasionarda açılmış damar yolundan premedikasiya (anesteziya önü sakitləşdirici dərman) icra olunur. Daha sora anestezioloq tərəfindən uşağı yatırdmaq üçün bütün uyğun şərtlər təmin edildikdən sonra xəstəyə anesteziya verilərək yatırdılır və yalnız bundan sonra əməliyyata başlamağa icazə verilir. Yatırtma prosesi əməliyyatın ölçüsünə, uşağın yaşına, ümumi vəziyyətinə, əlavə xəstəliyinə görə dəyişir, lakin orta hesabla 10-30 dəqiqə çəkir. Bütün bunlardan sonra anesteziologiya komandasının müşahidəsi altında cərrahi əməliyyat başlayır. Cərrahi əməliyyat başa çatdıqdan sonra uşağınız oyandırılmağa başlayır. Uşağın yaşına, bədən ağırlığına və əməliyyatın həcminə görə hesablanmış anesteziya dərmanlarının verilməsi uşağın əməliyyat sonunda çox da zaman keçmədən rahatlıqla oyanmasına şərait yaradacaq şəkildə tənzimlənir. Oyandıqdan sonra uşaq əməliyyat masasından bir başa valideyinlərinin yanına deyil də, oyanma-dərlənmə bölməsinə aparılır. Burada o yaxından izlənir və tam oyanması, rahat nəfəs alması gözlənilir. Övladınız əməliyyatxanaya girəndən çıxdığı müddətə qədər müşahidəsi xüsusi cihazlar vasitəsi ilə fasiləsiz olaraq aparılır. Anestezioloqun razılığından sonra uşağın tam şüurlu olmasına qərar verilərsə, uşaq palataya ailəsinin yanına gətirilir. Oyanma prosesi insanın vəziyyətindən asılı olaraq 10-30 dəqiqə çəkir. Palataya gətirilən uşaq həkiminizin təyin ettiyi zamanda və şəkildə qidalanmağa başlayır. Bu müddət planlı günübirlik əməliyyatlardan sonra çox vaxt bir-iki saat şəklində olur və bundan sonra siz məsləhətlər verilərək evə yazılırsınız.
Qapı arxasında yaşadığımız o gərgin anlarda, hər saniyənin bir saat kimi ötüb keçdiyi, sanki anın dayandığı, zamanın axmadığı o dəqiqələrdə içəridə nələr baş verir? Uşağım yaxşıdırmı? Görəsən mən olmayanda qorxarmı? Onu incidirlərmi? Bunlar anesteziya və cərrahiyyə ilə bağlı bütün valideynlərin qarşılaşdığı hallardır.
Anesteziyadan qorxu, özəlliklə əməliyyat olan xəstə uşaqdırsa hər zaman olmuşdur. Ancaq anesteziya olmadan özəlliklə uşaqlarda demək olar heç bir əməliyyat icra edilə bilməz. Bundan əlavə, anesteziyanın uşaqların fiziki və ya zehni inkişafına mənfi təsir etdiyinə dair heç bir elmi məlumat yoxdur. Aparılan araşdırmalarda anesteziya alan uşaqlarla almayanlar arasında heç bir zehni və fiziki fərq müşahidə edilməmişdir.
Tibb sahəsində istənilən prosedurada, kiçik və ya böyük fərq etməz, dünyadakı istənilən mərkəzdə ağırlaşmalar yaşana bilər. Ağırlaşma (komplikasiya) ilə həkim səhvini (malpraktis) eyniləşdirməmək lazımdır. Burada vacib olan ağırlaşmaların vaxtında fərqinə varmaq və onlara lazımı şəkildə və sonuna qədər müdaxilə edə bilmək bacarığına malik olmaqdır. Tibb ilə əlaqədar ən sevdiyim sözlərdən biri: “Bir işin ağırlaşmasını idarə edə bilməyəcəksənsə, ən yaxşısı əvvəldən o işə qarışmamaqdır”. Həkim səhvi isə başqa bir yazının mövzusudur məncə. Hər bir şəxs, həmçinin də həkimlər nəyi yaxşı, nəyi az bildiklərinin, nəyi isə heç bilmədiklərinin fərqində olmalı və ona uyğun işlərə qarışmalıdırlar. Hər kəs hər şeyi bilə bilməz, bilməməlidir də. Az bil, öz (mükəmməl) bil.
Tibb az saylı sahələrdəndir ki, burada 100% zəmanətdən söz gedə bilməz. Kimsə sizə müalicə, əməliyyat prosesində yüz faiz zəmanət verirsə oradan gülər üzlə, sakitcə uzaqlaşmağınız məsləhətdir. Tibbdə zəmanət yox, ehtimallar vardır. Bu ehtimallar da çoxsaylı xəstələrın müalicə malumatları elmi olaraq analiz edilərək ortaya çıxır və elm jurnallarda və kitablarda çap edilir.
Bir valideyn olaraq düşünə bilərsiniz ki, mən övladıma anestezik dərman vermək istəmirəm, zərərlidir. Unutmayın ki, bütün dərmanlar zəhərdir. Onların əksəriyyəti zəhərli bitkilərdən hazırlanır. Yalnız düzgün dozada və miqdarda istifadə edildikdə dərman olur. Əgər anestezik dərmanlara (narkoza) qarşısınızsa, uşağınız xəstələndikdə qızdırma salıcılara və ya antibiotiklərə də qarşı olmalısınız..."
"Məlhəm" Beynəlxalq Hospitalı ilə əlaqə:
Çağrı mərkəzi: 803
Əlaqə nömrəsi: +994 51 201 71 01
Ünvan: C. Naxçıvanski küç. 433 Bakı, 1099, Baku, Azerbaijan
https://www.instagram.com/melhembeynelxalqhospital/?hl=en
Həkimlə əlaqə: 0506544888
https://www.instagram.com/uzm.dr.anarqurbanov/